İsveçrənin aparıcı mətbu orqanları arasında yer alan “Aargauer Zeitung” qəzetində “İsveçrə üçün örnək? Azərbaycan öz ordusunu yenidən kəşf etməyi necə bacardı?” sərlövhəli məqalə dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsinə hərbi hazırlığının mahiyyətindən, ordu quruculuğunda konseptual və texnoloji inqilabın həyata keçirilməsindən, eyni zamanda bu nümunənin perspektivdə İsveçrə ordusunun gələcək silahlanmasında oynaya biləcəyi roldan bəhs edilib.
Məqalə müəllifi Boyan Stula 2020-ci ildə Azərbaycanın hərbi-texnoloji cəhətdən Ermənistan üzərində qəti qələbə qazandığını, tam bir il bundan əvvəl isə düşmən qüvvələrinin yekun şəkildə darmadağın edilməsinin başa çatdırıldığını qeyd edir. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin inqilabi dəyişiklik və müasirləşməsi İsveçrə ordusu üçün bir sıra düşündürücü məqamlara yol açır. Çünki Azərbaycanın 2020-2023-cü illərdə həyata keçirdiyi əməliyyatlar tarixdə robot sistemlərin uğura imza atdığı ilk müharibə kimi yadda qalıb. Müəllif bununla bağlı ABŞ analitiki, təqaüddə olan polkovnik Con Antalın “Ölümə yeddi saniyə” kitabına da istinadlar edir. Kitabda qeyd olunur ki, bu əməliyyatlar pilotsuz uçuş aparatları (PUA) ilə müharibə aparmağın ilk nümunəsi hesab edilməlidir.
Məqalədə Birinci və İkinci Qarabağ müharibələrinin fərqləndirici xüsusiyyətlərinə də toxunulur. Qeyd edilir ki, ermənilər sovet doktrinasına sadiq qalaraq ənənəvi yol seçdilər və Qarabağda ələ keçirdikləri ərazilərdə mövqelərini möhkəmləndirməyə üstünlük verdilər. Azərbaycan isə öz ordusunda radikal dəyişikliklər yolunu seçərək Türkiyə ilə sıx hərbi əməkdaşlığa başladı. Həm bu ölkədən, həm də İsraildən aldığı pilotsuz uçuş aparatlarını öz arsenalına daxil etdi. Artıq 2020-ci ildə hərbi əməliyyatlar yenidən alovlananda Azərbaycan öz hərbi doktrinasını tam şəkildə “Bayraktar” və “Harop” kimi silahlar üzərində qurmuş, ciddi təlimlərlə bu silahları mənimsəmişdi.
Məqalədə Azərbaycan ordusunun tətbiq etdiyi müasir döyüş texnologiyaları, düşməni çaşdırmaq üçün istifadə edilən manevrlər, süni intellektin hərbi texnologiyalarda istifadəsi və digər innovativ hərbi istiqamətlərdən bəhs olunub, İsveçrənin öz ordu quruculuğunda bu modeldən bəhrələnməli olduğu qeyd edilib.