“30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ölkəmiz üçün əlamətdar hadisə olmaqla yanaşı, həm də investisiyaların cəlb edilməsinə təkan verib”.
NUHÇIXAN-ın məlumatına görə, bu sözləri Vaşinqtonda səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ əlaqələri, biznes mühiti və investisiyaların cəlb edilməsinə dair görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri və biznesin bölgəyə qayıtması sahibkarlar üçün cəlbedici imkanlar yaradır.
“Hökumətin bu bölgə üçün hərtərəfli təşviq paketi biznesə marağı daha da artırıb. KOBİA hazırda Qarabağda biznes qurmaqda maraqlı olan yerli və xarici sahibkarların layihə təkliflərini qəbul edir. Bu günə qədər 2300-ə yaxın müraciət qeydə alınıb ki, onlardan 500-dən çoxu xarici investorlardır. Müraciət edənlər arasında 4 ABŞ şirkəti və investor da var. Əminəm ki, bugünkü tədbirdən sonra buradakı bəzi sahibkarlar Qarabağ və Azərbaycanda investisiya imkanlarını daha yaxından nəzərdən keçirəcəklər”, - deyə KOBİA sədri qeyd edib.