"Haber Global" Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışına dair süjet hazırlayıb - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışına dair süjet hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, süjetdə dövlət başçısının Azərbaycanın tarixi qələbələrini həzm edə bilməyən Ermənistan və onu silahlandıran Qərb ölkələrinə xəbərdarlıq etdiyi qeyd olunub.
Bildirilir ki, Azərbaycan Prezidenti çıxışında kritik ismarışlar verib, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini yenidən bərpa olunmasını xatırladıb, bunun yeni fürsətlər yaratdığına diqqət çəkib, gələcək fəaliyyətin hədəf və prioritetlərini açıqlayıb:
"Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".
Qeyd olunur ki, İlham Əliyev Paşinyan hakimiyyətinin üzdə ayrı, əməldə başqa olduğunu vurğulayaraq Fransa başda olmaqla Qərb ölkələrinin Ermənistanı silahlandırmasından söz açıb, İrəvandan yeni təxribatın hər an gözlənildiyini vurğulayıb:
"Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur.
Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".
Azərbaycan Prezidenti Ermənistanın əslində sülh istəmədiyini, vaxt uzatdığını və bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istədiyini bildirib. Dövlət başçısı İrəvana açıq şəkildə dəstək verən və Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Fransadan da danışıb:
"Ermənistan Fransadan pulsuz silah alır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".