Şotlandiya Parlamentində deputat Kennet Qibsonun sentyabrın 20-də təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.
Qeyd edilib ki, etnik təmizləmə və işğal ilə assosiasiya olunan “artsax” termininin sənəddə istifadəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
"Sənəddə Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd edib, sərbəst şəkildə ölkəni tərk etməsinin zorla edilmiş hərəkət kimi təqdim edilməsinə çalışılır və digər əsassız iddialar irəli sürülür. Sənədin müəllifi Ermənistandan və işğal olunmuş Azərbaycan torpaqlarından etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının taleyini tamamilə gözardı edir. Eyni zamanda, sənəddə Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar, həmin ərazilərdə Ermənistan tərəfindən 1.5 milyon mina basdırılması barədə heç bir məlumat verilmir".
Vurğulanıb ki, bu sənəd həmçinin, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasını görməzdən gəlir və onların qayıtmaq hüququnu mənfi şəkildə təqdim etməyə çalışır.:
"Ermənistanın yüzlərlə məscidi, saysız-hesabsız qəbiristanlığı və azərbaycanlılara məxsus digər mədəni irs nümunələrini məhv etməsi barədə də heç bir məlumat verilmir. Bütün bu məqamlar göstərir ki, bu sənəd münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həll olunmuş olmasını qəbul etməyən və onu yenidən alovlandırmağa çalışan müəyyən qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın bir hissəsidir. Biz bu addımı qətiyyətlə pisləyirik və Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik".