Bu gün tarixin ən fəxarətli, ən qürurverici günüdür. Bu gün “dəmir yumruğ”a döndüyümüz gündür. Bu gün bütün statusları bir kənara qoyub Xudafərində, Zəngilanda, Şuşada və bütöv Qarabağda sipər olduğumuz gündür. Və bu gün o gündür, Zəfər tarixinə gedən yolun başlandığı gündür. Bu qələbə milli ruhla bərabər qəhrəmanlıq və peşəkarlıqla da əldə olundu.
Torpaq! Hər kəsdən çox əsgər üçün əmanətdir. Çiçək olur döşündə, sancaq olur yaxasında, qol verir boynunu qucaqlamağa, göyünə baxmağa göz verir bəzən. Bəzən qayalara yapışıb qalır, bəzən mamırlara dönüb göyərir, bəzənsə ikinci həyat olur Vətən torpağına.
Bu gün sevinciylə, kədəriylə dərin, hüznlü və o qədər də qürurverici gündür. Düz dörd il əvvəl 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa etmək üçün düşmən üzərinə yürüdü. Xatırlamayan olmaz ki, həmin il COVİD-19 virusunun ölkəmizə gəldiyi il idi. Dünya tarixində ən uğursuz il kimi yaddaqalan bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müharibənin başlanması, internet problemi, dünyaya nüfuz etmiş virus, xalqın Vətən sevgisini zərrəcə azaltmadı. Könüllü cəbhəyə yollanan gənclər, müharibədən həqiqətləri mətbuat vasitəsilə xalqa çatdıran jurnalistlər, hər bir qarış Vətən torpağı azad olunanda Prezidentin bildirişini gözləyən xalq, xalq-ordu birliyi əsl vətənpərvərlik göstəricisi oldu.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz səngərdə, media nümayəndələri dünya mətbuatında, xaricdə yaşayan vətəndaşlarımız ölkə hüdudlarında, xalq isə arxa cəbhədə bir yumruq kimi həmrəylik nümayiş etdirərək düşmənin başını əzdi. Elə buna görə də bu əməliyyat “dəmir yumruq" əməliyyatı adlandırıldı. Hər yeni xəbər, yeni bildiriş işğaldan azad olunmuş torpaq xəbərinin müjdəçisi idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəndə ürəyimiz və qulağımız bu üç sözün həsrətində idi. Sadəcə, cənabın dilindən süzülən bu üç söz: “Şuşa sən azadsan!”
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı. Yüz nəfərdən artıq hərbi qulluqçumuzun itkin düşdüyü, min nəfərdən artığının isə sağlamlığını itirdiyi bu döyüşlərdə torpaqlarımız qəhrəman şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına azad olundu.
Müharibə zamanı: Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etdi. Atəşkəsdən sonra isə Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılmasını tələb etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilir. Bu qələbə çox arzuları, çox qəlbləri yarım, çox gözləri yaşlı qoydu. Azadlıq xəbəri sevindirdi, şəhid xəbəri ağlatdı. Oğul itirən ata-analar, atasız qalan körpələr, sevgisinin intizarına qərq olanlar... İtirilənlər və geri alınanlar... Səngəri gizli görüş yeri olan, namərdin cansız canlısına sinəsini sipər edən ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə Vətən yaradanlar, rahat uyuyun!!!
Vurulmuş tertemiz alnından uzanmış yatıyor,
Bir hilal uğruna ya Rab ne Güneşler batıyor
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru