Türkiyə mediası: Azərbaycan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini anır - FOTOLAR
Türkiyənin aparıcı media orqanları Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü ilə bağlı materiallar dərc edib və reportajlar yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, qardaş ölkənin media strukturlarının materiallarında Ermənistan tərəfinin Azərbaycan xalqının səbrini daşıran çoxsaylı təxribatları diqqətə çatdırılıb. Rəsmi Anadolu agentliyi yazır: “Azərbaycanda dinc yaşayış məntəqələrinə edilən son hücumlara cavab olaraq, Prezident İlham Əliyev işğalçılara qarşı cavab tədbirlərinin görülməsi barədə əmr verib. Azərbaycan liderinin “Dəmir yumruğu” orduya Ermənistanın işğal etdiyi əraziləri cəmi 44 günə azad etməyə imkan verdi. Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoydu”.
“Haber Global” telekanalı Azərbaycanda sentyabrın 27-də qeyd olunan Anım Günü barədə tamaşaçılara məlumat verib. Kanalın canlı yayımında Qarabağ müharibəsi qəhrəmanlarının məzarları üzərinə gül dəstələri düzən sadə bakılıların fikirləri yer alıb, Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edən Qələbəsinin əhəmiyyəti vurğulanıb.
“TRT Avaz” telekanalı 44 günlük müharibədə tarixi Qələbənin ildönümü ilə bağlı hazırladığı reportajda qeyd edir ki, 2900-dən çox Azərbaycan hərbçisi Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Telekanal qeyd edir ki, respublikanın bütün ərazisi üzərində suverenlik 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı sayəsində bərpa edilib.
“TRT Haber” telekanalının reportajında Azərbaycan Prezidenti İlham Əliyevin paytaxtda tikilməkdə olan Zəfər parkını ziyarət etməsinin görüntüləri nümayiş olunub.
Reportajda əsas diqqət Azərbaycanda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə bir dəqiqəlik sükutun elan edilməsinə yönəldilib.
Türkiyənin bir sıra çap mediası Vətən müharibəsinin dördüncü ildönümü ilə bağlı dərc etdiyi məqalələrdə uzunmüddətli erməni işğalına son qoyan hərbi əməliyyatların xronologiyasına istinad edib. Yazılarda İkinci Qarabağ müharibəsindən çoxsaylı arxiv materialları yer alıb.