2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
NUHÇIXAN hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
29 sentyabr - müharibənin 3-cü günü
•Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə sıradan çıxarılıb. Saat 07.00-08.00 radələrində həmin istiqamətdə Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.
• Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət İrəvanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
• Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb.
• Baş Prokurorluq Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin düşmən tərəfindən atəşə tutulması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması barədə məlumat yayıb.