BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq BQXK-dan bildirilib.
Qeyd edilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.