Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Naxçıvan Sazişinin ildönümü ilə bağlı paylaşım edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.
"Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə biz qürurla bütün Türk Dünyasını "Türk Dövlətlərinin Əməkdaşlıq Günü"ndə təbrik edirik. Biz Türk dövlətləri arasında "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün qətiyyətlə çalışmağa davam edəcəyik".
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.