Bu gün, tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Sazişinin ildönümü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd olunub.
XİN bu münasibətlə türk dünyasını birləşdirən təşkilatın bütün üzv və müşahidəçilərini təbrik edib: "Ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!".
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.