Böyük Britaniya Azərbaycanla səmərəli əməkdaşlığa hazırdır.
NUHÇIXAN xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADA Universitetində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində deyib.
Səfir qeyd edib ki, qarşıdan gələn BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6-cı maddəsinin texniki komponenti tamamlanacaq.
“COP29-da biz 6-cı maddə üzrə bəzi texniki məsələləri yekunlaşdırmalıyıq və mən yeni sədr kimi Azərbaycana danışıqların erkən mərhələsində bu sahədə irəliyə doğru mühüm addım atmaqda hamımıza dəstəyin lazım olması ilə razılaşdığına görə təşəkkür edirəm”, - diplomat bildirib.
Səfir vurğulayıb ki, bazar və maliyyə sahəsi üzrə mütəxəssis olmasa da, 18 ildir ki, mütəmadi olaraq karbon bazarını izləyir.
“Bazar mexanizmləri iqlim böhranının qarşısını almaq üçün qlobal miqyasda ehtiyac duyduğumuz layihələrə səmərəli və genişmiqyaslı iqlim maliyyəsi axınının təmin edilməsinin vacib hissəsidir”, – o bildirib.
Səfir vurğulayıb ki, karbona qiymət qoymaq iqlim dəyişikliyi ilə mübarizənin əsas elementidir.
"Bu, emissiyaların azaldılması və özəl sektorun səfərbər edilməsi üçün iqtisadi cəhətdən səmərəli üsuldur. 2030-cu ilə qədər karbon bazarlarının həcmi ildə bir neçə milyard funt sterlinq, növbəti onilliklərdə isə daha çox ola bilər”, – F.Auld qeyd edib.
Diplomat belə mövzularla bağlı müzakirələrin aparılmasına görə Azərbaycana təşəkkürünü bildirib, çünki bunun nəticəsində dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsi artır.
“Ümid edirəm ki, bu, məlumatlılıq səviyyəsini artıracaq və Azərbaycanın xalis sıfır emissiyaya keçid üçün karbon bazarlarının potensialından necə istifadə edə biləcəyi ilə bağlı bir sıra maraqlı təkliflərə yol açacaq”, - o vurğulayıb.