XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb
Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilir ki, Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar etmiş, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.
"Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.
Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.
Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.
BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.
Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir.
Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.
Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir. Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir", - bəyanatda deyilir.