Hakan Fidan: Türkiyə ilə Azərbaycanın ortaq fəaliyyəti qlobal siyasətə qarşı rasional perspektiv yaradır

A- A A+

Azərbaycanla bir çox sahələrdə tək dövlət kimi fəaliyyət göstəririk. Həssas qurumlarımız çox yaxın əməkdaşlıq edirlər. İqtisadiyyatlarımız da bir-birinə çox yaxın formada inkişaf edir. Maraqlarımızın müəyyənləşdirilməsi, strateji yanaşmalarımız və dost-düşmən anlayışlarımız bir-biri ilə üst-üstə düşür.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli televiziya kanallarından birinin suallarını cavablandırarkən ifadə edib.

Nazirin bu ifadələri Türkiyə mətbuatının diqqət mərkəzində yer alıb.

Müsahibəsində Azərbaycan-Türkiyə münasibətləri haqqında danışan nazir ölkələrimizin “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini vurğulayıb.

“İki dövlətin, xüsusilə onların strateji qurumlarının ortaq fəaliyyət göstərməsi, başda Cənubi Qafqaz olmaqla, regional və geosiyasi fırtınalarla mübarizə aparan qlobal siyasətə qarşı rasional bir perspektiv yaradır və inteqrasiyanı daha da dərinləşdirir”, - deyən Hakan Fidanın bu fikirlərini şərh edən Türkiyə mətbuatı iki ölkə arasındakı münasibətlərin bu qədər dərinləşməsini ortaq fəaliyyətin, uzun və məşəqqətli yolun nəticəsi olaraq qiymətləndirib.

Belə ki, ötən əsrdə formalaşan geosiyasi sistem bunun üçün olduqca böyük çətinliklər yaradırdı. Lakin hazırda bölgədə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranan siyasi vəziyyət regionun “sahiblənməyə” ehtiyac duyulduğu həqiqətlərini də ortaya qoydu. Bunu da Türkiyənin XİN rəhbəri demək olar ki, hər açıqlamasında vurğulayır.

Qardaş ölkə mətbuatı bu baxımdan Türkiyə, Azərbaycan, İran, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə İstanbulda baş tutan Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü toplantısının çox əhəmiyyətli olduğunu qeyd edir. Görüşün sonunda iştirakçı ölkələr tərəfindən yayımlanan ortaq bəyanatda regional sabitlik və iqtisadi əməkdaşlığın vurğulanması da diqqətçəkən məqamdır.

Türkiyə mediası, həmçinin bu kimi toplantıların ən böyük xüsusiyyətinin sabitlik üçün dialoqun dərinləşdirilməsinə töhfə vermək olduğunu vurğulayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: