Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfəri çərçivəsində bir neçə bəyanatla çıxış edərək, “Azərbaycan tərəfinin güzəştləri; münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi fikirlər səsləndirib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələyə münasibət bildirib. O deyib: “İlk növbədə, xatırlatmaq istərdim ki, münaqişə nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Ermənistanın baş naziri kimi Nikol Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə, Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq yeni siyasi vəziyyət yaradacaq”.