Azərbaycana qarşı növbəti riyakarlıq
Yaxşı olar ki, Avropa Parlamenti korrupsioner damğasından xilas olmağın yollarını tapsın
"Avropa Parlamentinin beynəlxalq hüququ pozan və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd olan böhtan dolu növbəti qətnaməsini qəbul etməsi ölkəmizə qarşı düşmənçilik ənənəsinin təzahürüdür. 30 ildən artıq bir dövrü müşahidə etsək, Avropa Parlamentinin ölkəmizə qarşı nifrətinin dəfələrlə şahidi olmuşuq".
Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev bildirib. Onun sözlərinə görə, hələ 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta "erməni soyqırımı" iddialarını tanıdı və "soyqırımı qurbanları"na xatirə günü təsis etdi. 2014-cü ildə 751 parlamentarisi olan bir təşkilat tələsik 46 nəfər üzvünü toplamaqla Azərbaycan haqqında daha bir qətnamə qəbul etmişdir. Təbii ki, bu qətnamənin də hüquqi bazası yox idi. Buna baxmayaraq, Avropa türk dünyasına qarşı öz qərəzini, qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq şəkildə nümayiş etdirdi. 2015-ci il mart ayının 12-də Avropa Parlamenti "Dünyada insan haqları və demokratiya" adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar müraciət etmişdir. Bu cür qətnamələrin qəbul edilməsi Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünün real nümunələridir.
Arzu Abdullayev qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən, Cənubi Qafqazda yeni reallıqlar yaratmasından, regionda davamlı inkişafa və sülhün bərqərar olmasına yönəlmiş fəaliyyətindən ciddi təşvişə düşən Avropa Parlamenti son vaxtlar iç üzünü daha çox göstərir: "Belə ki, ölkəmizə qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə ciddi zərbə vurur, Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olmadığını, əksinə, erməniləri stimullaşdırmaqla regionda gərginliyin davam etməsinə çalışdığı aydın şəkildə görünməkdədir. Avropa Parlamenti məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq naminə qəbul etdiyi sənədlərlə özünü nüfuzdan salaraq, qeyri-ciddi imic formalaşdırıb. Avropa Parlamentinin belə qızışdırıcı siyasəti ilə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə, Ermənistanı açıq şəkildə dəstəkləməyə və regionda rəsmi İrəvanın xeyrinə güc balansını dəyişməyə çalışdığı heç kimdə artıq şübhə yeri qoymur".
Ali Məclisin sədr müavini bildirib ki, sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və proqram xarakterli nitq söyləyən Prezident İlham Əliyev ölkəmizə qarşı həyata keçirilən təxribatlardan söz açdı: "Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Dövlət başçısı bildirdi ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Lakin cənab İlham Əliyevin bəyan etdiyi kimi, onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik".
Bu bir reallıqdır ki, Azərbaycan 44 günlük tarixi Qələbəsi və bir sutkadan az müddətdə antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etməklə ölkəmizə qarşı bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara əsl tarix dərsi keçdi. Bu barədə danışan Arzu Abdullayev dedi ki, bunu həzm edə bilməyən Qərb, eləcə də Avropa Parlamenti birmənalı olaraq, bu cür təxribat xarakterli qərarları ilə sülh müqaviləsinin imzalanmasına ciddi əngəl törədir, regionun müharibə ocağına çevrilməsinə çalışır: "Bu günlərdə isə Avropa Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi Azərbaycana qərəzinin aydın təzahürüdür. Qərb dairələri ancaq onu unudurlar ki, bu gün regionun söz sahibi Azərbaycan və onun lideridir. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Azərbaycan iqtisadi gücü, potensialı gündən-günə artan, beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan bir ölkədir.
Ali Məclisin sədr müavininin sözlərinə görə, Azərbaycana qarşı çirkin kampaniya aparan bu cür dairələrə ən tutarlı cavablardan biri də COP29 kimi böyük bir tədbirə ölkəmizin evsahibliyi etməsidir: "Bəli, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti böyük etimad və inamın göstəricisi, beynəlxalq miqyasda artan güc və nüfuzun təzahürüdür. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Faktlar da təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub. COP29-a evsahibliyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur".
Arzu Abdullayev onu da bildirdi ki, Azərbaycan ləyaqətli və qürurlu dövlət kimi tanınır: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusilə tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb, beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir: "Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan, demək istəmirəm yəni asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır". Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz isə Prezident İlham Əliyevin dediyi kimi, yerindədir və daha da inkişaf edir və edəcək".
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin sözlərinə görə, yaxşı olar ki, son illər korrupsioner quruma çevrilən, qalmaqallarla gündəmdə olan Avropa Parlamenti təxribatları, anti-Azərbaycan fəaliyyətini kənara qoyub korrupsioner damğasından xilas olmağın yollarını axtarıb tapsın.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"