Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bunu "Report"a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. O, buraya nümayəndə heyəti ilə gəlir. Prezident rəsmi açılış və bütün əsas COP tədbirləri üçün burada olacaq”, - səfir bildirib.
Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.