Serbiyanın “RTS” radio-televiziya kanalı Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günü ilə bağlı reportaj yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, reportajda Bakı Olimpiya Stadionunun COP29-un əsas məkanı olduğu, 200-dək ölkənin tədbirdə dövlət və hökumət başçıları, ekspertlər və digər nümayəndələrlə təmsil edildiyi bildirilir. Vurğulanır ki, iştirakçılar karbon qazı emissiyalarının məhdudlaşdırılması və qlobal istiləşmə səviyyəsinin azaldılması yollarını müzakirə edəcəklər.
Diqqətə çatdırılır ki, Serbiya Prezidenti Aleksandar Vuçiç COP29-da iştirak etmək üçün ölkəmizə səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevlə görüşdə Serbiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələrin aparıldığını qeyd edib. O, Serbiyanın Azərbaycanla birgə Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyası tikmək niyyətində olduğunu bildirib, iki ölkə arasında ticarət mübadiləsinin əvvəlki illərlə müqayisədə 30 dəfə artdığını vurğulayıb.
Reportajda bildirilir ki, COP29-da əsas diqqət inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşa bilməsi üçün maliyyə dəstəyinə və yeni resursların yaradılmasına yönələcək.