Naxçıvandan Xankəndiyə və... COP29-a
34 il əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq Zəfər rəmzinə çevrilərək bu gün bütün dünyanı Azərbaycanda birləşdirir
Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan milli-mənəvi dəyərlər hər bir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır.
Tarixdən məlum olduğu kimi, Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə xalqın milli kimliyinin pasportu hesab edilən dövlət atributları da yaradıldı. Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarixboyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan Dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yararlanaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamışdır. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq aradan götürülmüşdür.
Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirmişdir. Ulu Öndər həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində Ulu Öndər Heydər Əliyev siyasi bacarığı ilə Azərbaycan xalqını bəlalardan qorudu. Ümummilli Lider 1990-cı il iyulun 22-də Naxçıvana gələrək burada xalqın dərdinə şərik çıxdı. Müdrik siyasətçinin rəhbərliyi altında Naxçıvanda dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il avqustun 4-də Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi geniş nitqində bu barədə demişdir: "Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi".
34 il əvvəl - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması və siyasi fəaliyyətini davam etdirməsi respublikamızda milli dirçəliş hərəkatını yeni mərhələyə yüksəltdi. Naxçıvandan başlanan bu proses qısa vaxtda ölkəmizin ictimai-siyasi mühitində böyük hərəkata çevrilməklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mühüm tarixi hadisələrin baş verməsinə səbəb oldu.
Müstəqilliyin qazanılmasına, onun qorunub saxlanmasına böyük əmək sərf edən dahi rəhbər Azərbaycanın dövlət müstəqilliyi elan edilməmişdən hələ bir il əvvəl, yəni 1990-cı il noyabrın 17-də üçrəngli Azərbaycan bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırdı. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələnin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Ali Məclisin 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu Öndər bu barədə demişdir: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır".
Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərar müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində ilk və mühüm dövlət sənədi kimi özünəməxsus yerə malikdir. Həmin qərarda deyilirdi: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin. 2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin". Həmin gün üçrəngli bayrağımız zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Bununla da milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. O dövrdə dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında", "Naxçıvan Muxtar Respublikası ali dövlət hakimiyyəti orqanı haqqında" tarixi qərarlar qəbul edilmişdir. "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırmışdır. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvan parlamentində qəbul etdiyi qərarlar təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi.
Bəli, müstəqillik yolunda ilkin addımlar Ümummilli Lider tərəfindən Naxçıvanda atılmışdı və bu o vaxt baş verirdi ki, SSRİ kimi imperiya hələ tarix səhnəsindən silinməmişdi. Bununla Naxçıvanda başlanan demokratik proseslər tezliklə Azərbaycanı ayağa qaldırdı. Həmin vaxt Naxçıvan artıq Azərbaycanın siyasi mərkəzinə çevrilmişdi. Bakıda oturaraq Azərbaycanın müstəqilliyi barədə qərar qəbul etməyə tərəddüd edən ovaxtkı iqtidar bütün bu addımları düzgün qiymətləndirə bilmir, ya da qiymətləndirmək istəmirdi. Lakin Naxçıvan Ali Məclisi Heydər Əliyevin rəhbərliyi ilə artıq milli dövlətçilik ənənələrinin təşəkkül tapmasına istiqamətlənmiş mühüm tarixi qərarları qəbul etməkdə davam edirdi.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli sərəncamında bu hadisənin nə qədər tarixi əhəmiyyətə malik olduğu bir daha vurğulanmışdır: "Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır".
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi bərpa edilsə də, ölkə "olum və ya ölüm" dilemması ilə üz-üzə qalmışdır. Belə çətin bir vaxtda xalq nicat yolunu ancaq Ulu Öndərin timsalında görürdü. Milyonlarla insanın ümidli baxışları ona dikilmişdi. 1993-cü ildə xalq haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Heydər Əliyev bütün bu təhlükələrə baxmayaraq, xalqına dar gündə kömək etmək qərarına gəldi və tərəddüd etmədən 1993-cü ilin iyununda Bakıya qayıtdı. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Mühüm siyasi-iqtisadi islahatlar başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Beləliklə, ölkəmizdə aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı.
Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və Azərbaycan hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. Azərbaycan Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram dövlətin təməl prinsipləri sırasında xüsusi yeri ilə seçilir. Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır. Dövlət başçısının Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə - 2009-cu il noyabrın 17-də imzaladığı tarixi sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Bu gün bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" ifadələri bu gün real həyatda təsdiqini tapıb.
34 il əvvəl - 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanmaqdadır.
Bu gün dövlət başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür. Bu təşəbbüslər isə Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edir. Bu gün təkcə regional deyil, qlobal miqyaslı məsələlərdə də Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi və rəyi mütləq nəzərə alınır. Eyni zamanda da ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi, sivilizasiyalararası dialoqların baş tutduğu vacib platformaya çevrilməsi onun dünyada hansı yüksək mövqeni tutduğunu sərgiləyir.
Azərbaycanın yüksəksəviyyəli mötəbər tədbirlərə uğurla evsahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusən son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda sadəcə üzv kimi təmsil olunmur, həm də bir çox qərarın qəbulunda və icrasında yaxından iştirak edir.
Hazırda Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi ölkəmizin qüdrətini bir daha dünyaya göstərir və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir.
SSRİ kimi qüdrətli bir imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet sosialist" sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçiliyimizin hüquqi əsaslarını elə formalaşdırdı ki, bu gün 196 ölkədən 72 min insan dünyanın qlobal ekoloji problemlərini Azərbaycanda müzakirə edir. Ən əsası isə o bayraq fonunda dünya Azərbaycanda birləşir.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədr müavini,
tarix üzrə fəlsəfə doktoru, dosent