Bəşər tarixi elə görkəmli şəxsiyyətlər yetirmişdir ki, tarixi proseslərin gedişində öz xalqının milli maraqlarını irəli çəkməyi bacarmış, xalqının da, hətta dünyanın da siyasi həyatında mühüm rol oynamışdır. Azərbaycan tarixində də belə görkəmli dövlət başçıları olmuşdur ki, onlar adını tarix səhifələrinə yazmış, millətinin yaddaşında əbədi yaşamaq səlahiyyəti qazanmışdır. Bu baxımdan görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyəti milli dövlətçiliyimizin qızıl dövrünü təşkil edir. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi idi ki, nəinki yaşadığı, fəaliyyət göstərdiyi illərdə dövlətinin, millətinin maraqlarına xadimət etmiş, eyni zamanda müəyyənləşdirdiyi siyasi strategiya, formalaşdırdığı milli ideologiya gələcəyə hesablanmaqla müstəqil Azərbaycanın milli ideologiyasına, dövlətçilik xəttinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin dünya siyasi arenasında uğurla təmsil olunması, mötəbər tədbirlərə ev sahibliyi etməsi, nəhəng enerji, nəqliyyat-logistika layihələrinin iştirakçısı olması, dayanıqlı iqtisadi siyasət yeritməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələridir.
Bu siyasətin bəhrəsidir ki, dünya azərbaycanlıları milli kimliyin, milli mənsubiyyət anlayışının mahiyyətinə vardı, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar müstəqil dövlətçiliyimizin dayağına çevrildi.
Ümummilli lider Heydər Əliyev hələ Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zamandan Azərbaycanın aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi istiqamətində əməli addımlar atmaqla yanaşı mədəniyyət, incəsənət, elm, təhsil sahələrində də inkişafa nail olmuşdur. Bu dövürdən başlayaraq Azərbaycanda milli hərbi kadrların hazırlanması, ali hərbi məktəblərin yaradılması bugünkü qüdrətli Azərbaycan ordusunun əsasını təşkil etmişdir.
Müstəqilliyin əldə edilməsindən sonrakı gərgin siyasi proseslər, torpaqlarımızın işğalı, ölkənin parçalanmaq təhlükəsi qarşısında qalması odövrkü rəhbərlərin siyasi səriştəsizliyinin nəticəsi idi. Bu dövrdə dahi rəhbər doğulduğu torpaqda-Naxçıvanda yaşayırdı. Ölkənin düşdüyü ağır vəziyyətdən çıxarılmasında bütün ümidlər Heydər Əliyevə idi. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan müdrik siyasətçi hakimiyyətdaxili çəkişmələrə son qoydu, ölkənin hərtərəfli inkişaf strategiyasını işləyib hazırladı, daxili sabitlik bərpa olundu, diplomatik əlaqələr gücləndirildi, ordu quruculuğu möhkəmləndirildi, nəhəng enerji layihələrinin həyata keçirilməsi ilə ölkəmiz dinamik inkişaf yolu tutdu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan günü-gündən çiçəklənmə yolunda addımlayırdı. Heydər Əliyevin ölkənin sürətli iqtisadi inkişafı, siyasi arenada Azərbaycanın tanıdılması, diplomatik korpusun təşkili və buna nəzarət mexanizminin formalaşdırılması, kənd təsərüfatının dirçəldilməsi, mədəniyyət, incəsənət, ədəbiyyat, elm sahələrinə diqqət və qayğının artırılması istiqamətində uğurlu, uzun illərə hesablanmış siyasi strategiya hazırlamaqla Azərbaycanda dövlət-xalq birliyi ideyasını formalaşdırdı. Azərbaycan xalqının Ümimmilli lideri, müdrik siyasətçi Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ulu öndər ideyalarına sadiqliyinin, əzmkarlığının, həyata keçirdiyi uğurlu layihələrin nəticəsində ölkəmiz gündən-günə çiçəklənməkdə davam edir. Azərbaycanın müstəqillik əldə etməsindən keçən dövr ərzində dinamik inkişaf yolu ilə ölkəmiz dünyada öz modelini formalaşdırdı. Ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmiz beynəlxalq miqyaslı idman yarışlarına, mədəni-kütləvi tədbirlərə, beynəlxalq layihələrə ev sahibliyi etmişdir ki, bu da qüdrətli Azərbaycanın dünya səviyyəsində bir daha tanıdılmasında əhəmiyyətli faktor olmuşdur. Dünyada gedən iqtisadi böhran yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələrin iqtisadiyyatını zəiflətdiyi halda Azərbaycan iqtisadi böhrandan ən az zərərlə çıxan ölkə kimi qəbul olunur.
Rəhbər-xalq birliyinin, uğurlu diplomatik səriştənin, ordu quruculuğunun, yüksək hazırlıq səviyyəsinin nəticəsidir ki, ən yeni dövr tariximizə “Aprel döyüşləri”, “44 günlük Vətən müharibəsi”, “Antiteror əməliyyatları” kimi şanlı səhifələr yazıldı, Müzəffər Ali Baş Komandanın dəmir irdəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad olundu. Qarabağ torpaqlarında aparılan genişmiqyaslı quruculuq işləri, diplomatik sahədə atılan addımlar ölkəmizin beynəlxalq aləmdə imicini möhkəmləndirir, rəhbər-xalq birliyinin möhtəşəm tənnənəsi kimi gələcəyə böyük ümidlər vəd edir.
Əli Həşimov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı