Dünyanı zülmət görənlər, yaxud yaşıl dünyaya gedən yol düşüncələrdən başlayır

A- A A+

Qlobal məsələlərdə önəmli mərkəzlərindən birindəyik – AZƏRBAYCANDAYIQ. Həmişə belə məsələlərə həssaslıqla yanaşan, o məsələlərin həllinə daim dəstəkçi olan doğma ölkəmizdə, torpağımızdayıq. Ən müasir tariximizin möhtəşəm anlarına şahidlik edirik. Bu anılarla tariximizin daha bir yeni səhifəsi yazılır. Qürurlanırıq, fəxarət hissi keçiririk. Canımız qədər sevdiyimiz məmləkətimiz Azərbaycan COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Bununla həm də illərdir, qazandığı nüfuzunu dünyaya nümayiş etdirir. Belə möhtəşəm tədbirdə Azərbaycanın bir araya gətirdiyi dünya liderləri, mütəxəssislər, ictimai və siyasi xadimlər bu sahədə mövcud problemlərin həlli yolunda mühüm addımlar atılmasına şərait yaradıb. Bir sözlə, biz dünyaya öz qlobal iqlim hədəfləri və ekoloji tərəfdaşlıqla bağlı mövqeyimizi güclü şəkildə göstəririk. Həm də dövlətimizin COP29 tədbiri gələcək yaşıl dünyamızı qorumağa həyəcan təbili olmaqla sabahkı nəsillərə ötürüləcək ən mühüm mənəvi mirasdır. İllər, əsrlər keçəcək, gələcək nəsillər öz dövlətiylə fəxr edəcəklər. Fəxr edəcəklər ki dövlətləri qlobal iqlim siyasətində necə fəal rol oynayıb. Bir az əvvəl biz İkinci Qarabağ müharibəsində misilsiz zəfərə imza atdıq. Bu, müstəqil Azərbaycanın gerçəkliyidir; bu bizim gücümüzdür, qüdrətimizdir. Uğurlarımıza uğurlar əlavə etmək üçün hər cür imkanlarımz var. Ancaq bu gücümüzü, qüdrətimizi həzm edə bilməyənlər də az deyil. Bəlkə də, onlar düşünürdülər ki, Azərbaycan bunu bacarmayacaq. Biz bacardıq. Bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyətinə aktual problemlərin həlli istiqamətində Azərbaycanın mühüm töhfələr verə biləcəyini sübut etdik. Cənab Prezident elə ilk çıxışında onlara mesajını verdi: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar, demək olar, artıq bir ildir, boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Bir daha gördük ki, dünyada ədalətsizlik, ikili standartlar hələ də hökm sürür. Dünyamızı zülmət görənlər, xəmirləri ədalətizliklə yoğrulmuşlar var. Dünyanı qorumaq özümüzü, torpağımızı, varlığımızı, sabahımızı qorumaqdır. Həmin qüvvələrdə belə xeyirxahlıq keyfiyyətləri çoxdan ölüb. Bundan sonrakı tədbirlər də şoudan başqa bir şey deyil. Yaşıl dünyaya gedən yol düşüncələrdən başlayır. Düşüncələrini dəyişməyənlər nə dünyanı qoruya bilər, nə də yaşıl dünya naminə atılan addımları. Düşmən düşməndir, bu, öz yerində. Narahatlıq doğuran ən ciddi məsələ sapı özümüzdən olan baltaların ucuz şoularıdır. Möhtəşəm tədbirə ağız büzənlər, sosialda şirə dönürlər. Düşünürəm ki, onların ruhu dünyaya gəldiyi torpağın havasından, suyundan yoğrula bilməz. Əsl vətənpərvər insanda doğma yurd, torpaq sevgisi onun hissinə, duyğusuna hopur, canına, qanına işləyir. Ancaq bu təqdirdə mən Azərbaycan, Azərbaycan da mən deməkdir. Belədirsə, Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udub böyüyən, bu torpaqda yaşaya-yaşaya, Azərbaycanın hamımızın evi olduğunu unutmayın. Gəlin düşüncələrimizi yaşıla boyayaq. İnanın, içində boğulduğunuz zülmət işıqlanacaq. Rahat nəfəs alacaqsınız. Dəyişin düşüncələrinizi. Gəlin Azərbaycanımız üçün, onun dünyada yeri, nüfuzu uğrunda daim birlikdə mübarizə aparaq…  

 Sara ƏZİMOVA

“Şərq qapısı” qəzetinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: