“Star” qəzeti: Fransa Cənubi Qafqazda Türkiyə və Britaniyanın maraqlarına zərər verməyə çalışır

A- A A+

Müxtəlif dövlətlərin Türkiyə ilə yaxınlaşması faktı ilə barışa bilməyən Fransa Ankaraya qarşı siyasi oyunlara başladı.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Star” nəşrinin Parisin Cənubi Qafqaz siyasətinin təhlilinə həsr olunmuş analitik icmalında deyilir.

Qəzet qeyd edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi və Ankaranın Qarabağ məsələsində Bakının ədalətli mövqeyini dəstəkləməsi Fransa ilə Ermənistanın daha da yaxınlaşmasına səbəb olub.

Qəzet vurğulayır: “Fransa Ermənistana müasir “GM 200” radar sistemləri, “Mistral” raket sistemləri, “Bastion” zirehli maşınları və daha bir çox başqa hərbi ləvazimatın tədarükünə dair müqavilə imzalayıb. Beləliklə, Paris Ermənistana ən böyük silah tədarükçüsünə çevrildi ki, bu da Fransanın təkcə Bakıya deyil, həm də Ankaraya düşmənçiliyinin növbəti təzahürüdür”.

“Star” analitikləri Fransanın 30 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir addım atmadan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu xatırladırlar. “Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələndə Fransanın Ermənistana marağı bir gecədə artdı”, - deyə qəzet yazır və NATO ölkəsinin KTMT üzvü olan dövlətə müasir silahlar verməyə hazır olmasını çox təəccüblü hal adlandırır. Bu, Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sisteminə malik olmasına baxmayaraq, həmin iki ölkənin parlamentlərinin təsdiq etdiyi sazişlərdə də açıq şəkildə ifadə olunub.

Türkiyə nəşri qeyd edir ki, Rusiya bu gün də Ermənistanın hava hücumundan müdafiə sistemləri üzərində operativ nəzarət rıçaqlarına malikdir.

“Bütün bunlar NATO-nun kritik silah sistemlərinin gələcəyi ilə bağlı ciddi suallar yaradır”, -deyə nəşr davam edir.

Türkiyə nəşri həm də Ermənistanla yaxşı münasibətləri olan İranın NATO-nun müdafiə texnologiyalarını “öyrənməsini” istisna etmir.

Analitik materialda Fransa ilə Böyük Britaniya arasında bu gün Cənubi Qafqazda özünü göstərən tarixi qarşıdurmadan da bəhs edilir: “Britaniyanın BP şirkəti Azərbaycanla yataqların işlənməsində fəal əməkdaşlıq edir ki, bu da Londonun Cənubi Qafqaza yüksək marağına səbəb olur. Böyük Britaniyanın Azərbaycanda təsirini azaltmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu anlayan Fransa, əksinə, Ermənistanla əməkdaşlığın inkişafına arxalanır. Baxmayaraq ki, əsas səbəb heç də bu deyil - Parisin “erməni kartını” təbliğ etməkdə əsas “stimulu” Türkiyənin Qafqazdakı uğurlarıdır”.

Qəzet Ermənistan rəsmilərinin təhlükəsizlik sahəsində Qərbə arxalanmağa hazır olduqları ilə bağlı açıqlamalarını sual altına alır: “Əgər bu doğru olsaydı, İrəvan bu sahədə Rusiya və İranla əlaqələrini kəsməyə çalışardı. Moskva və Tehranın Ermənistandakı təsirini nəzərə alsaq, belə bir vəzifənin həyata keçirilməsi məntiqi olaraq çətindir”, - deyə “Star” qəzeti Gümrüdə Rusiya hərbi bazasının mövcudluğunu və Ermənistanın sərhədlərinin Rusiya FSB-si tərəfindən mühafizəsini xatırladaraq yazır.

“Ermənistana fransız silahlarının verilməsi erməni diasporu ilə “siyasi flört” cəhdindən başqa bir şey deyil, eyni zamanda, Türkiyə və Böyük Britaniyanın timsalında diplomatik rəqiblərə qarşı “təxribat” planının bir hissəsidir.

Nəşr yazır ki, Fransanın anti-Türkiyə siyasəti uzun müddətdir ki, davam edir və dünyanın müxtəlif bölgələrində özünü göstərir.

Qəzet Afrikadakı proseslərə diqqət yetirir; burada Mali, Çad, Qvineya, Burkina Faso, Niger və Qabonda Fransanın nüfuzunun azalması fonunda Türkiyə və Rusiya kimi aktorların rolu artmaqdadır.

Nəşr XVI-XIX əsrlərdə Fransa ilə Osmanlı imperiyası arasında Afrikadakı “tarixi rəqabəti” xatırladır. Materialda vurğulanır: “Onilliklər sonra Paris yenidən Ankaranı Afrikada və Şərqi Aralıq dənizində diplomatik rəqib kimi qəbul etməyə başlayıb”.

“Star” qəzetinin məqaləsinin sonunda qeyd edilir: “Fransa Cənubi Qafqazda ciddi təsirə nail olmasa belə, heç olmasa “minimum plan”ı yerinə yetirməyə, yəni regiondakı digər ölkələrin əməkdaşlıq layihələrini məhv etməyə çalışacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: