Azərbaycanın müasir tarixi Yeni Azərbaycan Partiyasının yaranması ilə yeni bir mərhələyə qədəm qoydu. 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu siyasi təşkilat qısa müddətdə ölkənin siyasi səhnəsində önəmli yer tutaraq sabitliyin və inkişafın əsas təminatçısına çevrildi. Bugünkü reallıqlar Yeni Azərbaycan Partiyasının 32 il ərzində Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatında oynadığı əvəzsiz rolu bir daha təsdiqləyir.
Yeni Azərbaycan Partiyasının yaranma dövrü Azərbaycanın tarixi üçün olduqca çətin bir zamana təsadüf edir. 1990-cı illərin əvvəllərində ölkədə xaos, siyasi qeyri-sabitlik və vətəndaş qarşıdurması hökm sürürdü. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə Yeni Azərbaycan Pariyası ölkənin gələcək inkişafının ideoloji və praktiki əsaslarını müəyyənləşdirdi. Partiyanın məqsədi xalqı birləşdirmək, qanunçuluğu bərpa etmək və sabitliyi təmin etmək idi.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə ölkədə siyasi böhran sona çatdı və sabitliyin təməli qoyuldu. Bu sabitlik, ölkənin hərtərəfli inkişafı üçün möhkəm zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sabitliyi tam təmin edildikdən sonra Azərbaycanın inkişafı üçün strateji islahatlar həyata keçirilməyə başlandı. İlk növbədə, dövlət idarəetməsi sistemində səmərəliliyin artırılması məqsədilə yeni qanunlar qəbul edildi və müasir idarəetmə mexanizmləri tətbiq olundu.
Yeni Azərbaycan Pariyasının fəaliyyəti Azərbaycanın iqtisadi inkişafının da əsasını qoydu. Əsas diqqət iqtisadi islahatlara yönəlməklə iqtisadiyyatın bazar mexanizmlərinə uyğun yenidən qurulması, özəlləşdirmə proqramlarının icrası və investisiya mühitinin yaxşılaşdırılması kimi mühüm addımlar atıldı. "Əsrin müqaviləsi" ilə neft sektorunda əldə olunan nailiyyətlər ölkənin iqtisadi əsaslarını möhkəmləndirdi.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi siyasəti həyata keçirildi.
Təsadüfi deyil ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi uğurlarını yüksək qiymətləndirir. Həyata keçirilən islahatlar nəticəsində ölkədə yoxsulluq səviyyəsi azaldı, infrastruktur yeniləndi və iqtisadiyyatın rəqabət qabiliyyəti artırıldı.
Yeni Azərbaycan Pariyasının fəaliyyəti Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsində də mühüm rol oynayıb. Ölkəmiz 32 il ərzində regional liderlik mövqeyi qazanaraq, Avrasiyada mühüm geosiyasi oyunçuya çevrildi. Xüsusilə enerji siyasəti sahəsində həyata keçirilən layihələr – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırdı.
Prezident İlham Əliyevin balanslı xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi oldu. Bu gün ölkəmiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda fəal iştirak edərək, həm regionda, həm də dünyada sülh və sabitlik məsələlərinə töhfə verir.
Azərbaycanın davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi xüsusilə qeyd olunmalıdır. Bu, ölkəmizdə həyata keçirilən yaşıl enerji və ekoloji siyasətin beynəlxalq aləmdə tanınmasının parlaq nümunəsidir. Azərbaycanın bu tədbiri yüksək səviyyədə həyata keçirməsi ölkəmizin qlobal ekoloji problemlərin həlli istiqamətindəki səylərini və dünya müstəvisində etibarlı tərəfdaş olmasını bir daha nümayiş etdirir.
Ölkəmiz üçün sosial rifahın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi prioritet məsələlərdəndir. Son 32 ildə ölkədə yüzlərlə məktəb, xəstəxana, mədəniyyət ocağı tikilmiş, sosial müdafiə mexanizmləri gücləndirilmişdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası gənclərə dəstək siyasətini daim ön planda saxlayır. Gənclərin təhsil, məşğulluq və peşəkar inkişaf sahələrindəki imkanlarının genişləndirilməsi üçün müxtəlif proqramlar icra olunub. Gənclərin cəmiyyətin aktiv iştirakçılarına çevrilməsi partiyanın gələcək siyasətinin ayrılmaz tərkib hissəsidir.
2020-ci ildə Vətən müharibəsinin başlanması ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi dövlətimizin ən böyük nailiyyətlərindən biridir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu hərbi və diplomatik strategiya nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu tarixi zəfər Yeni Azərbaycan Partiyasının ədalət və milli maraqların qorunması prinsipinə sadiqliyini bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan Pariyasının 32 illik fəaliyyəti sabitlik və inkişafın davamlı olması üçün möhkəm əsaslar yaradıb. Partiyanın gələcək strategiyası daha böyük nailiyyətlər əldə etməyə yönəlib. Yeni iqtisadi modelin tətbiqi, rəqəmsallaşma və yaşıl enerji sahəsində təşəbbüslər Azərbaycanın dünyada lider ölkələrdən birinə çevrilməsini təmin edəcək.
Yeni Azərbaycan Partiyasının 32 il ərzində qazandığı təcrübə və sadiq ideoloji xətti həm bu günü, həm də gələcəyi təmin edən ən etibarlı siyasi qüvvə kimi qalmaqdadır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Əziz Qasımov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı