Fransanın Azərbaycana qarşı düşmən münasibəti Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) fonunda da özünü büruzə verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının reportajında deyilir. Qeyd olunur ki, bu dəfə anti-Azərbaycan isterikasını və intriqalarını təbliğ etmək üçün alət qismində arxasında Fransanın xarici siyasət və hərbi kəşfiyyatının birgə xidmətinin (DGSE) dayandığı “Havas” şirkətlər qrupu çıxış edib.
Telekanal 169 ölkənin 72 min nümayəndəsinin iştirakı ilə COP29 gündəliyinin kritik əhəmiyyətinə və Fransanın dünya ictimaiyyəti üçün belə mühüm hadisənin gedişatına xələl gətirmək cəhdlərinə diqqət çəkib.
Reportajda tanınmış “Intelligence Online” (IO) xəbər resursunun məlumatlarına istinadla qeyd edilir ki, buna görə Parisin nəzarətində olan “Havas” rabitə qrupu COP29 ərəfəsində Azərbaycanın imicinin pisləşməsini maksimum dərəcədə artırmaq məqsədi ilə genişmiqyaslı təbliğat kampaniyasına başlayıb.
Türkiyə telekanalı bildirib: “Azərbaycanın opponentləri COP29-da iştirakdan imtina etmək ideyasını ev sahibi ölkənin neft və qaz istehsalçısı olması səbəbindən fəal şəkildə irəli sürüblər. Üstəlik, Avropa ölkələrində, Rusiyada və ABŞ-da eyni vaxtda anti-Azərbaycan isterikası davam edib”.
“Haber Global” izləyicilərini noyabrın 5-də “Havas”ın baş direktoru Stefani Fuksun Rusiya və ABŞ-dakı media strukturlarına elektron poçtla göndərdiyi məktub haqqında məlumatlandırıb. Mesajda Fransanın keçmiş insan haqları elçisi, hazırda “Zimeray & Finelle” hüquq firmasının rəhbəri Fransua Zimeray ilə müsahibə təşkil etməyə hazır olduğu qeyd edilib.
Fuks öz mesajında Zimerayın jurnalistlərin “fransız diplomatiyasının təhlükəsizlik, insan hüquqları və iqlim sahələrində səyləri” ilə bağlı suallarını cavablandırmaq istəyinə işarə edib.
Türkiyə telekanalı qeyd edir ki, “Zimeray & Finelle” şirkətinin rəhbəri təkcə türklərə nifrət ilə deyil, həm də aktiv ermənipərəst fəaliyyəti, xüsusən də beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialara dəstək verməsi ilə tanınır.
“Haber Global” qeyd edib ki, “müsahibə təklifi” ilə kifayətlənməyən “Havaş” Rusiyada “erməni hərbi əsirlərin azad edilməsi” tələbi ilə anti-Azərbaycan kampaniyasını gücləndirib.
Telekanal qeyd edir ki, Rusiya Federasiyasında “Havas” kampaniyası erməni separatçı Ruben Vardanyanın tərəfdarları tərəfindən maliyyələşdirilib.
ABŞ-da Azərbaycan əleyhinə isterika Nyu-Yorkun “Edelman Global Advisory” və Vaşinqtonun “Moran Global Strategies” şirkəti vasitəsilə təbliğ edilib.
Avropa İttifaqına gəlincə, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin məxsus olduğu Danimarka şirkəti “Rasmussen Global” da “Havas”ın müttəfiqinə çevrilib.
Reportajda “Rasmussen Global”in Brüsseldə İrəvanın maraqlarını təbliğ etməklə Ermənistan hökumətinə yaxınlığı ilə tanınmasına diqqət çəkilir.
Böyük Britaniyada “Havas”ın Azərbaycan əleyhinə təbliğatı “Sanctuary Counsel” lobbi strukturu tərəfindən ələ keçirilib.
“Lakin bütün səylərə baxmayaraq, Azərbaycanın diplomatik və iqtisadi addımlarının effektivliyi sayəsində Fransa heç vaxt istədiyinə nail ola bilmədi”, - deyə “Haber Global”ın reportajında vurğulanır.