Türkiyənin xarici işlər naziri ABŞ-Azərbaycan Ticarət Palatasında azərbaycanlı və türkiyəli tələbələrlə görüş keçirib
Fevralın 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-Azərbaycan Ticarət Palatasında azərbaycanlı və türkiyəli tələbələrlə görüş keçirib.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, tələbələr qarşısında çıxış edən türkiyəli nazir iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da gücləndiyini vurğulayıb. O əlavə edib ki, hər iki ölkənin diplomatları xarici ölkələrdə bir-birinin maraqlarını təmsil edirlər. “Biz bir millət, iki dövlətik, eyni zamanda, bir hökumətin təmsilçiləri kimi fəaliyyət göstəririk” deyən M. Çavuşoğlu əlavə edib ki, bu tədbir Türkiyə-Amerika Milli Tənzimləmə Komitəsi və Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil edilib.
M. Çavuşoğlu vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında həyata keçirilən transmilli layihələr – Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki qardaş ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirib. Nazir əlavə edib ki, Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq da regionda inkişafa və sabitliyə töhfə verir.
Türkiyəli nazir tələbələrin suallarını cavablandırıb.