Vladimir Fesenko: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət mövqe nümayiş etdirmir
Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət mövqe nümayiş etdirmir.
NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti, baş nazir N.Paşınyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bəyanat verməyib.
“Paşınyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştə gedəcəyini görmürəm. O Ermənistanın siyasi kursunun dəyişməyəcəyini də bəyan edib. Ola bilsin ki, perspektivdə Paşinyanın mövqeyində dəyişiklik olsun. Əgər o Ermənistanın daxili siyasətində uğur qazana bilsə, ola bilər, münaqişənin həllində də hansısa mövqe ortaya qoysun”, - deyə Fesenko əlavə edib.
Politoloq bildirib ki, regionda sülhün əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli önəmlidir.