Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Bakıda qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fevralın 8-də muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyinin inzibati binasında “Naxçıvanın muxtariyyət statusu” adlı dəyirmi masa keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. O qeyd edib ki, bu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Bu Tədbirlər Planından irəli gələn məsələlərdə fəallıq nümayiş etdirilir.
“Ümummilli lider Heydər Əliyev Naxçıvan və Naxçıvan muxtariyyəti haqqında çox əhəmiyyətli fikirlər söyləyib. O deyirdi ki, Naxçıvanın muxtariyyətı tarixi nailiyyətdir və biz bu tarixi nailiyyəti qorumalıyıq. İllər sonra gördük ki, Ümummilli Liderin bu sözləri dahiyanə deyilmiş sözlərdir. Naxçıvanın qorunmasında, onun düşmən təcavüzünə uğramamasında Heydər Əliyevin çox qətiyyətli addımları olub. Ulu Öndərdən sonra bu ağırlığı öz çiyinlərinə götürən böyük siyasi lider, dünyada böyük hörmət və nüfuz sahibi olan Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan barədə deyib ki, Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərinin keçirilməsi bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının ifadəsidirsə, digər tərəfdən Naxçıvan tarixinin əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu günün qeyd olunması böyük tarixi, siyasi və elmi əhəmiyyətə malikdir və əgər muxtariyyət olmasaydı, biz siyasi nöqteyi-nəzərdən Naxçıvanı qoruya bilməyəcəkdik”, - deyə daimi nümayəndəliyin rəhbəri bildirib.
B.Əsgərov deyib ki, Naxçıvanın muxtariyyətının qeyd edilməsi 1949-cu ildən başlayır. Həmin il Naxçıvanın muxtariyyət əldə etməsinin 25 illiyi, 1964-cü ildə 40 illiyi, 1974-cü ildə 50 illiyi, 1984-cü ildə isə 60 illiyi qeyd olunub. 1999-cu ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında Fərman imzalanıb. Ondan sonra Prezident İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü il fevralın 9-da Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Naxçıvanda muxtar dövlətin yaranmasının bir çox amillərlə bağlı olduğunu bildirilib. O, Naxçıvanın dövlətçilik tariximizdə böyük yerə malik olduğunu vurğulayıb. Əlavə edib ki, Naxçıvanın muxtariyyətinin yaranması onun çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi qəbul edilməlidir. Naxçıvan beş mindən çox şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və kəşməkəşli inkişaf yolu keçib. Tarixboyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi təkcə Naxçıvan tarixində yox, ümumilikdə Azərbaycan tarixində şanlı səhifədir. Bu tarixi hadisənin Azərbaycanın dünyada tanınmasında, möhtəşəm dövlətə çevrilməsində, turizm sahəsində dünya ölkələrinin buraya cəlb edilməsində, ölkəmizdə sülhün, əmin-amanlığın, inkişafın, müxtəlif dinlərə mənsub insanların bir yerdə yaşamaq hüququnun tətbiq olunması siyasətinin dünyada tanınmasında böyük təsiri var.
Fəttah Heydərov bildirib ki, bu gün müstəqil Azərbaycanın var olmasında, inkişafında, xalqımızın bu xoşbəxt günlərə gəlib çatmasında dahi Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, beynəlxalq aləmdə tanındı. Onun əsasını qoyduğu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 1990-cı ilin 17 noyabrı tarixin yaddaşına çevrilən bir gündür. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən sessiyasında ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağı qaldırıldı. Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edildi. Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı. Bu, tarixi hadisədir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilməsi zamanın tələbi idi. Əgər o vaxt Heydər Əliyev sədr olmasaydı indi nə Naxçıvandan, nə də Azərbaycandan danışmaq olardı.
Milli Məclisin deputatı Elman Nəsirov vurğulayıb ki, bu gün Naxçıvandan danışarkən biz fəxr hissi ilə Azərbaycanın müstəqillik tarixinin başlanğıc nöqtəsinin məhz Naxçıvan olduğunu deyirik. Böyük dövlət xadimi Heydər Əliyev Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə tarixboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim diyar işğal təhlükəsindən xilas edildi, ermənilərin muxtar respublikanı dünyadan təcridetmə siyasəti iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı. Ulu Öndər Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib.
Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var.
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Cengiz Güneş bildirib ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi var. Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanın türk dünyasının qapısı olduğunu deyib. O, yaradılmasının 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.