Ceyhun Bayramov: TDT çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi əsas prioritetdir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı baş katib bir daha “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, həlak olanlarına ailələrinə səbr diləyib.
C.Bayramov, öz növbəsində, TDT və baş katib tərəfindən faciənin ilk anından başsağlığı məktubları və bəyanatlarına görə minnətdarlığını bildirib.
Nazir TDT çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər bu il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə Bişkekdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Bu il ortaq Türk Əlifbasının, təşkilatın yeni bayraq və loqosunun qəbulunun, təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin təsis edilməsi barədə qərarın və bir sıra digər istiqamətlərdə razılıqların təşkilatı daha da gücləndirdiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.