Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun hamiliyi ilə bu gün Dubayda VII Dünya hökumətlər Sammiti (WGS 2019) işə başlayıb.
NUHÇIXAN xəbər verir ki, 140 ölkədən 4 mindən çox yüksək vəzifəli məmur, dövlət və hökumət başçıları, 30 beynəlxalq təşkilatın təmsilçiləri və sahibkarlar dünyada baş verən mövcud problemləri və gələcək perspektivləri müzakirə etmək məqsədilə zirvə görüşünə qatılıblar.
Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və Dubaydakı baş konsul Cavidan Hüseynov da iştirak edir.
Sammitdə iqlim dəyişmələri və fiskal siyasətdən tutmuş dövlət xidmətləri və postmünaqişə sosial barışıq sahəsində innovasiyalara qədər bəşəriyyətin gələcəyini müəyyən edəcək həyati əhəmiyyətli sektorlar üzrə 200-dən çox interaktiv sessiyada təqribən 600 dünya şöhrətli məruzəçi iştirak edəcək.
Sammitdə dünyanın hər yerindən təqribən 100 nazir, 120-dən çox prezident və aparıcı beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edir. UNESCO-nun baş direktoru Odri Azulay, Beynəlxalq valyuta fondunun icraçı direktoru Kristin Laqard, Ümumdünya iqtisadı forumunun icraçı direktoru Klaus Şvab və digər beynəlxalq qurumların nümayəndələri çıxış edəcəklər. Onlar bu günün və sabahın problemlərini qlobal WGS 2019 platformasında həll etmək üçün öz səylərini birləşdirəcəklər.
Şeyx Məhəmməd bin Rəşidin göstərişinə görə, 2019-cu ilin zirvə görüşündə əsas diqqət insan həyatının inkişafına yönəldilməli, hökumətin yeddi milyard insana daha firavan gələcək yaradılması üzrə səyləri dəstəklənməlidir.
Dövlət başçıları, hökumət məmurları, alimlər və sahibkarlar yeddi əsas sahədə - texnologiyaların və onların hökumətlərə təsirinin gələcəyi; sağlamlığın və həyat keyfiyyətinin gələcəyi; ətraf mühitin və iqlim dəyişmələrinin gələcəyi; təhsil və əmək bazarının gələcəyi; ticarətin və beynəlxalq əməkdaşlığın gələcəyi; cəmiyyətlərin və siyasətin gələcəyi; habelə hökumət və cəmiyyət arasında informasiya və kommunikasiyaların gələcəyi mövzularında öz təcrübələrini bölüşəcəklər.
Sammitdə Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun “Gələcək şəhərlərin qurulmasında 7 trend” mövzusunda çıxışı nəzərdə tutulur. Dubayın vəliəhd şahzadəsi və Dubay İcraiyyə Şurasının sədri şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum gələcəyə təsir göstərəcək yeddi əsas dəyişiklik barədə fikirlərini bölüşəcək.
VII Dünya Hökumətlər Sammiti çərçivəsində nüfuzlu beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin toplantısı keçiriləcək. Aparıcı xəbər agentlikləri və nəhəng media strukturlarının rəhbərləri sammit çərçivəsində uğurlu təcrübələrini bölüşəcək, medianın hazırkı və gələcək inkişaf gündəliyinə nəzər salacaq, xəbər sənayesində baş verən yenilikləri müzakirə edəcəklər.
Sammitdə həmçinin gələcək liderliklə bağlı olan bir neçə mövzu, habelə dövlət və hökumətlərin iflasının səbəblərinin və əsas amillərinin səmərəli dəf edilməsi yollarının təhlilinə həsr olunmuş mövzular nəzərdən keçiriləcək.
WGS son altı ildə məqsədyönlü bilik platforması təşkil etməyə müvəffəq olub. Bu platforma öz ideya və vasitələrini işləyib hazırlamaqda, problemləri qabaqcadan görməkdə və ən yaxşı həll yolları tapmaqda hökumətlərə kömək edəcək.