XİLASKARLIĞIN ƏZƏMƏTLİ SİMASI

A- A A+

Yeni epoxanın misilsiz nailiyyətləri fonunda əzəmətli bir insanın parlaq siması, müdrik ideyaları və əzəmətli görkəmi dayanır! Elə bir insan ki, onun taleyi xalqın taleyi, onun fədakarlığı Vətənin və dövlətin müqəddəratıdır! O insan sadə bir evdə, çoxuşaqlı və yoxsul bir ailədə dünyaya göz açmışdı. Amma ailədə zəngin bir mənəviyyat, möhkəm bir əxlaq kodeksləri hökm sürürdü. Məhz bu ailə dəyərləri el üçün, vətən üçün ürəyi məşəl kimi yanan bir övladı, bir insanı Azərbaycana bəxş etdi! Və bu doğulan körpə elinin ümidi olaraq Tanrı payı kimi göndərilmişdi. Bu nəhəng şəxsiyyət Azərbaycanın üşıqlı günlərinin banisi, müstəqilliyinin əsasını qoyan müdrik lider Heydər Əliyev idi.

O bir yaz günü may ayının 10-da Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan Naxçıvanda dünyaya göz açmışdı. Bəlkə də yaz qoxulu bir zamanda dünyaya göz açan bu körpənin düşüncələrinə də çiçək qoxusu buradan hopmuşdu. Çünki həyata atıldığı, peşə fəaliyyətinə başladığı zamanın hər bir anında xalqı üçün əlindən gələni etməyə öyrəncəliydi. Məhz fəaliyyətindəki məsuliyyət, peşəkarlıq və böyük istedad onu gələcəyin nəhəng insanı olmağa doğru götürürdü. Çalışdığı bütün vəzifələrdə xalqının qayğıkeş övladı olmağı bacarmışdı. 1969-cü ildə onun Azərbaycanda birinci katib vəzifəsinə gətirilməsi isə ölkənin işıqlı gələcəyinin müqəddəratı oldu. Çünki məhz bu dahi şəxsiyyətin rəhbərliyi dövründə geridə qalmış kənd təsərrüfatı ölkəsini sənaye ölkəsinə çevrimək onun adı ilə bağlanmışdı. Əslində məhz bu inkişafa tarixi proseslər fonunda Azərbaycanın “sənaye inqilabı” dönəmi adlandırmaq daha doğru olar. Çünki Azərbaycan bu illərdə həm kənd təsərrüfatı sahəsində yüksək inkişafa və verimliliyə malik olmuş, həm də sənaye sahəsində irimiqyaslı layihələr həyata keçirmiş, ölkənin taleyini, inkişaf sürəti və səmtini dəyişən başlıca səbəbə çevrilmişdi.

Heydər Əliyevin hakimiyyətinin birinci dövrü olaraq xarakterizə olunan bu mərhələdə Azərbaycanın gələcəyi üçün ən prioritet məsələlər həyata keçirildi. Artıq deyd edildiyi kimi, ölkə iqtisadiyyatının nikişafı və əhali gəlirlərinin artırılması üçün kənd təsərrüfatı və sənaye sahəsində irimiqyaslı işlər həyata keçirilmişdi. Görülən tədbirlər sayəsində Azərbaycan geridə qalmış bir ölkədən qabaqcıl bir ölkəyə çevrilmişdi. Bir çox zavod və fabriklərin açılışı da məhz Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafı sahəsindəki xeyirxah əməllərinin töhfələri idilər.

Fikirdə, düşüncədə yeni bir epoxa, yeni bir dövr başlanmışdı. Heydər Əliyevin milli mentalitet, dəyərlər və mədəniyyətə verdiyi əhəmiyyətin təzahürü olaraq milli düşüncə aktuallıq qazanmışdı. Mədəniyyətin inkişafı sürətlə həyata keçirilir, mədəniyyət müəssisələri və sahələrinin işinə qayğı artırılır, mədəniyyət, ədəbiyyat və elm xadimlərinə mükafatlar və ən yüksək fəxri adlar  tədqim edilirdi. Ölkədə milli ideya və düşüncənin müdafiə edilməsi fonunda ədəbiyyatda milli mənsubiyyət, tarix, istiqlaliyyət, dövlətçilik, dəyərlər və s. kimi məsələlər məxsusi yer alır, başlıca mövzu və problemə çevrilməklə xalqın milli yöndə maariflənməsinə stimul verirdi. Hətta düşüncədə baş verən partlayış ciddi elmi və bədii əsərlərin meydana gəlməsinə sövq yaratmışdı. Bir çox alim, şair və yazıçının düşüncədə yenilik yaradan əsərlərinə görə təhlükə altına alınmaması üçün Heydər Əliyev amili gündəmə gələrək onların qorunmasını həyata keçirdi. Məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində millətin fəal ziyalıları köhnə dövrün cəza aparatından xilas olmuş, heç bir mühakiməyə alınmamışdı. Əksinə, dahi şəxsiyyətin həyata keçirdiyi tədbirlərlə həmin adamlara belə mükafatlar və fəxri adlar verilmişdi.   

Bəhs edilən dövr üçün ən mühüm göstəricilərdən biri məhz təhsil sahəsində ciddi nailiyyətlərin əldə olunması və ana dilinin fəallıq qazanması idi. Orta və ali məktəb proqramında ana dilinin xüsusi yer qazanması milli düşüncənin formalaşmasında ciddi əhəmiyyət qazandı. Ana dilinə dair dərsliklərin və dərs vəsaitlərinin hazırlamnması işində nailiyyətlər özünü göstərdi. Ali məktəblərdə “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının yer alması, fakültələrin yaradılması, fənlərin tədirisi ciddi bir mənəvi epoxa başlatdı. Ulu Öndərin rəhbərliyə gəlişinin ilk dövlət tədbirində Bakı Dövlət Universitetinin yubiley tədbirinin keçirilməsi və həmin tədbirdə Ulu Öndərin ənənələri pozan ana dilindəki möhtəşəm çıxışı məhz yeni yeni düşüncə üçün inqilab yaratdı. Artıq millilik düşüncəsi incəsənət, musiqi və kino sənətində aktuallaşır, milli tarixi, şəxsiyyətləri və düşüncəni özündə ehtiva edən qiymətli sənət əsərləri, filmlər meydana gəlirdi. “Babək”, “Nəsimi”, “Nizami” kimi filmlərin ərsəyə gəlməsi, milli mündəricəli sənət əsərləri, bədii ədəbiyyat nümunələrinin meydana gəlişi düşüncədə milli istiqlaliyyət toxumlarını əkir, xalqın milli mənəviyyat və dəyərlərinin qorunmasına xidmət edirdi. Xalqın min illərdən yadigar qalan Noyruz bayramının da azadlığa çıxması, “Oğuznamələr”in şahı olan “Dədə Qorqud kitabı”nın xalqın milli sərvətinə qaytarılması da bu sahədə ən yaddaqalan və mislisiz işlərdən biri idi. Böyük Azərbaycan şairləri Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin və başqalarının yubileylərinin təntənəli keçirilməsi, klassik irsin, folklorun və tarixin öyrənilməsi, Azərbaycanın müqəddəs şəhəri, Qarabağın gözü olan Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı və milli poeziyanı, ədəbiyyatı rəmzləşdirməsi və s. xalqın milli dəyərlərə və mədəniyyətə qayıdışı sahəsində böyük xidmətlər idi. Xüsusilə böyük humanist sənətkar Hüseyn Cavidin nəşinin ən çətin və qorxulu bir zamanda uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilməsi tarixin unudulmayan örnək hadisəsi idi.  Bu hadisə sadəcə bir şairin ədalət məhkəməsində haqq qazanması və millətinə qaytarılması hadisəsi deyildi, bu hadisə həm də özünün mənəvi miqyasına görə xalqın millət olaraq formalaşması hadisəsi idi.  

Məhz bu xidmətlər Heydər Əliyevi xalqının ən yaddaqalan, sevimli rəhbərinə çevirmiş, onu təkcə tarixində deyil, qəlbində adını əbədiləşdirmişdi. 1990-cı illərin böhranlı zamanlarında xalqın müstəqillik yolunu tutan ümumxalq azadlıq hərəkatı vaxtlarında məhz Heydər Əliyevin yada düşməsi bu unudulmazlığın, etibarın və inamın ifadəsi idi. 90-cı illər.... Azərbaycan və Cənubi Qafqaz tarixinin ən çətin, gərgin, mübahisəli və müharibəli bir dönəmi. Xalqın milli iradəsi ilə SSRİ imperiyasının çöküşü və milli azadlıqların elan edilməsi həm də faciələrlə müşaiyət olundu.  Bu hadisələrin arasında Azərbaycanın taleyi daha mürəkkəb və qorxunc idi. Xüsusilə, xarici qüvvələrin planları ilə ölkədə qruplaşmaların yaradılması, etnik-milli soykökə görə bir xalqın parçalanması, qarşı-qarşıya qoyulması, torpaqlarının işğal edilməsi, müharibə meydanına çevrilmək cəhdləri ölkəni məhvə sürükləyirdi. Naxçıvanın erməni işğalının hədəfinə gəlməsi, blokadaya salınaraq səfalət və qaranlığa bürünməsi, ərazilərinin silahlı toqquşmalara məruz qalması Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın ümid və inamı Heydər Əliyevə yönəlmişdi. Heydər Əliyev isə 20 Yanvar faciəsinin baş verməsindən sonra açıqdan-açığa SSRİ hakimiyyətinə etiraz edərək bütün dünyanı bu faciədən xəbərdar etmiş, günahkarlları sadalamqla onların xəyanət əməllərini ifşaya məruz qoymuş, doğma Azərbaycana – vətəni Naxçıvana dönmüşdü. Doğrudur, Heydər Əliyevi ovaxtkı hakimiyyət Bakıya eniş etməyə icazə verməmişdi. Amma Naxçıvan əhalisi bu dahi şəxsiyyəti bütün sevgisi və qəlbilə bağrına sıxmışdı. Artıq könül könüllə birləşmiş, şəxsiyyət xalqı ilə bütövləşmişdi. Heydər Əliyev xalqın bütün sevgi və iradəsini arxasına alaraq cəsarət və hünərlə dövlətçilik tədbirləri həyata keçirir, Naxçıvanı blokadadan çıxarmaqla, əhalini aclıq və səfalətdən xilas etməklə məşğul olurdu. Qardaş Türkiyə Cümhuriyyəti ilə aparılan danışıqlar, Qars müqaviləsinin yenilənməsi və qardaşlıq körpüsü olan birləşdirici Ümid körpüsünün açılışı və əlaqələrin təmini təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycan və Türkiyə qardaşlığının inkişafında misilsiz rol oynadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən demişdir: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. Xalqın təkidli tələbilə Heydər Əliyevin Bakıya qayıtması və buradakı cəsarətli addımları Azərbaycanı uçurumun kənarından qaytardı. Dahi liderin ikinci dəfə hakimiyyətə gəlməsi Böyük Azərbaycan yoluna gedən çətin, amma inamlı bir yoluna çevrildi.

Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri Ulu Öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Böyük şəxsiyyətin uzaqgörən ideyaları, dərin təcrübəsi, misilsiz xidmətləri sayəsində Azərbaycanı dünyanın ən çətin və mürəkkəb zamanından, ağır sınaqlarından üzüağ çıxmağa nail oldu. Hətta Azərbaycanın müstəqillik dövrü nailiyyətlərinin təməlində məhz Ulu Öndərin siyasi konsepsiyası və uzaqgörən ideyaları dayanır. 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə də bu müdrik ideyaların məntiqi təntənəsidir. Prezident İlham Əliyev bu siyasi varisliyi xarakterizə edərək dediyi kimi: “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. ...Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. ...Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”.

Artıq ölkəmiz yeni nailiyyətlərilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə sülh və əmin-amanlığın təminatı istiqamətində səylərini sürdürür, beynəlxalq ədalətin qələbəsi uğrunda mübarizə aparır. Ölkəmizdə COP29 beynəlxalq tədbirinin ən yüksək səviyyədə keçirilməsi və iqlim dəyişikliyinin fəsadları əleyhinə konstruktiv fəaliyyət ortaya qoyması da  beynəlxalq ədalət və tarazlıq naminə nailiyyətlərdəndir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu konstruktiv ideyalar işığında nailiyyətlər qazanmağa davam edir. Məhz bu görkəmli dövlət xadiminin uzaqgörən ideyalarının işığında dünya azərbaycanlılarının birliyi də bu nailiyyətlər sırasındadır. Bugünkü müasir, inkişaf etmiş, suveren Azərbaycan Respublikası Heydər Əliyevin möhtəşəm əsəridir. Buna görə də: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”

Xəzəngül ORUCOVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: