Pakistan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

A- A A+

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə PTV dövlət televiziya kanalının “Diplomatic Enclave” proqramının qonağı olub.

NUHÇIXAN xəbər verir ki, səfir bu il Azərbaycan diplomatiyasının 100 illik yubileyinin qeyd edildiyini bildirərək istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra ölkəmizin dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü qeyd edib. Diplomat müstəqil, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin formalaşmasına səbəb olduğunu və işğalçı Ermənistan istisna olmaqla ölkəmizin bütün dünya dövlətləri ilə möhkəm dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla Pakistan arasında bərqərar olan dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, ölkəmizin hər zaman Pakistanı bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən Əli Əlizadə işğalçı Ermənistanın davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini diqqətə çatdırıb. O, fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümünün tamam olduğunu, erməni işğalçılarının qəddarcasına törətdiyi Xocalı soyqırımının bunun bariz nümunəsi olduğunu, bir gecədə bu qədim şəhərin yerlə-yeksan edildiyini bildirib. Səfir Pakistanın Xocalı soyqırımını tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb, qəbul etdiyi qətnamələri ədalətin bərpası istiqamətində humanist addım adlandırıb, Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.

Azərbaycanın idarəetmə quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında da aparıcının suallarını cavablandıran səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonşu dövlətin ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti, həyata keçirilən islahatlar, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait hesabına respublikamızın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində fəaliyyət davam edir və qeyri-neft sektorunda iqtisadi artım təmin edilir. Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədəki potensial haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu bildirib. O, iki ölkə arasında birbaşa hava reysləri açılacağı təqdirdə gediş-gəlişin daha da intensivləşəcəyini, son 2 ildə bu artımın 10 dəfədən çox olduğunu və daha da artacağını söyləyib. Humanitar və sosial sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, bu işlər nəticəsində Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb.

Səfir, həmçinin aparıcının suallarına cavab olaraq Əfqanıstanda sülh və sabitliyin bərpasına Azərbaycanın verdiyi töhfələr, Pakistanın terrorizmlə və ekstremizmlə mübarizəsi, Kəşmir məsələsində Azərbaycanın mövqeyi və digər məsələlərlə bağlı fikirlərini də bölüşüb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: