Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

A- A A+

Kolumbiyanın aparıcı xəbər saytı “Las2Orillas”da “Azərbaycan Kolumbiya paramoslarının mühafizəsi məqsədilə 100 min ABŞ dolları ayırıb” sərlövhəli məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə Kolumbiyadan çox uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycanın həmrəyliyinin və dostluğunun sərhəd tanımadığı, And dağlarının zirvələrinə qədər gəlib çatdığı qeyd olunur.

Yazıda Azərbaycanın beynəlxalq aləmdə bəşəriyyətin gələcəyi naminə göstərdiyi qabaqcıl səylərlə tanındığı, COVID pandemiyasının ən çətin dövründə Qoşulmama Hərəkatına, planetimizin iqlim dəyişikliyinin kəskin nəticələri ilə qarşılaşdığı vaxtda isə COP29-a uğurla sədrlik etdiyi vurğulanır.

Diqqətə çatdırılır ki, bu, ötən il ərzində Azərbaycan Hökuməti tərəfindən Kolumbiyaya ayrılan ikinci humanitar maliyyə yardımıdır və Kolumbiyanın şirin su ehtiyatlarının mənbəyi hesab olunan paramosların mühafizəsi üçün mühüm əhəmiyyət daşıyır. Materialda biomüxtəlifliyin qorunması, su ehtiyatlarının davamlılığının təmin olunması baxımından paramosların vacib rol oynadığına, onların florasının əsasını təşkil edən frailexon bitkilərinin kolumbiyalılar arasında əfsanələşdirildiyinə diqqət çəkilir.

Məqalədə, həmçinin humanitar yardımın rəsmi təqdimatı üçün ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbovun Duitama şəhərinə səfər etdiyi, paramosların zəngin fauna və florasının onda olduqca xoş təəssürat yaratdığı bildirilir. Səfirin ətraf mühitin və biomüxtəlifliyin qorunması üçün qlobal səylərin gücləndirilməsinin zəruriliyini, o cümlədən Azərbaycan-Kolumbiya münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğuladığı qeyd olunur.

Kolumbiyalı jurnalist Roberto Trobaxonun müəllifi olduğu məqalə bir sıra digər yerli media qurumları tərəfindən də dərc edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: