Türkiyədə Xocalı Parkının və Ana fəryadı abidəsinin açılışı olub - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, diplomatlar, millət vəkilləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, yerli sakinlər, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fateh Mehmet Erkoc, Türkiyə Böyük Millət Məclisinin deputatı İmran Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Kahramanmaraş-Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Turalın Şahbazlı və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistanın Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı aktı ötən əsrdə dünyada insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi dəyərləndirilib. Əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə xalqları heç zaman Xocalı soyqırımını unutmayacaqlar. Saxta “erməni soyqırımı”nı siyasi alətə çevirən qüvvələr, ilk növbədə, Xocalı soyqırımına baxmalıdırlar.
Vurğulanıb ki, Kahramanmaraş şəhərində belə bir parkın salınması və burada Xocalı abidəsinin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunədir.
Sonra parkda Xocalı şəhidlərinin xatirəsinə ağaclar əkilib.