Planlaşdırılmış cinayət-20 Yanvar

A- A A+

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı tarixin gördüyü ən qəddar cinayətlərdən biri həyata keçirildi. Mixail Qarbaçovun rəhbərlik etdiyi əliqanlı Sovet İmperiyası Bakıda dinc əhaliyə qarşı misli görülməmiş vəhşiliklə kütləvi qırğın hadisəsi törətdi. 20 Yanvar faciəsi qanlı imperiya tərəfindən hazırlanan və həyata keçirilən planlaşdırılmış vəhşilik aktı idi.

Hələ 1987-ci ildən başlayaraq soydaşlarımızın Ermənistandakı qədim yurd yerlərindən kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri, ermənilərin separatçılıq niyyətlərindən əl çəkməməsi və Sovet rəhbərliyinin bütün bunlara nəinki səssiz qalması, hətta məqsədli şəkildə dəstək verməsi 20 Yanvar faciəsinə aparan yolun başlanğıcı olmuşdur.

SSRİ-də gedən ictimai-siyasi prosesləri, eyni ittifaqın tərkibindəki respublikalara imperiyanın fərqli münasibətini, Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı təşəbbüsləri diqqətlə izləyən Azərbaycan xalqı milli azadlıq uğrunda mübarizəyə başladı. 80-ci illərin sonlarında başlayan Azərbaycan xalqının siyası proseslərdə fəal iştirakı, siyasi oyanışı sonradan milli azadlıq hərəkatına çevrildi. Bütün imperiyanı sarsıdan bu hərakatı yatırmaq, Azərbaycan xalqının iradəsini qırmaq, xalqımızı müstəqillik, istiqlaliyyət, suverenlik ideyalarını və azadlıq arzularını boğmaq məqsədilə xalqımıza qarşı törədilən bu məqsədli faciə əslində ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət idi.

1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin yanvarın 20-də saat 24:00-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verməsi xalqa bildirilmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə naziri Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri `Sovet hakimiyyətinin möhkəmləndirilməsi və milli azadlıq ideyalarının boğulması üçün Bakıda və digər şəhərlərdə əsl qətliam etdi. Qoşun hissələrinin tərkibində ermənilərin çoxluq təşkil etməsi də planın mühüm tərkib hissəsi idi. Ağır texnika-tank və zirehli transportyorlarla şəhərə daxil olan Sovet ordu birləşmələrinin Bakını zəpt etməsi amansızlıqla, misli görülməmiş vəhşiliklə və xüsusi qəddarlıqla müşayət edildi. Dinc əhali zirehli texnikadan və müxtəlif çaplı silahlardan atəşə tutuldu, əliyalın insanlar tankın altında əzildi, insanlar yaşadıqları mənzillərində vəhşicəsinə qətlə yetirildi, təcili yardım maşınları gülləbaran edildi. O qanlı faciədə 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da var idi. Görülməmiş vəhşiliklə xalqımızın azadlıq və suverenlik arzusunu boğmağa çalışan Sovet imperiyası məqsədinə çata bilmədi. Əksinə bütün təzyiqlərə baxmayaraq xalqımız azadlıq sevgisindən əl çəkmədi. Bu hadisə bütün dünya azərbaycanlılarının həmrəyləşməsinə, azadlıq şüarlarının daha yüksək səslə söylənməsinə səbəb oldu. Sovet İmperisayası xalqımızın mübarizə əzimini sarsıda bilmədi. Əslində Azərbaycanda azadlıq mübarizəsini boğmaq digər xalqlara göz dağı vermək üçün törədilən bu hadisə qədər sover rejiminə ağır zərbə vuran ikinci bir hadisə olmamışdır. Bu səbəbdəndir ki, 20 Yanvar Azərbaycan tarixinin ən faciəli günlərindən biri olmaqla bərabər eyni zamanda tariximizin şərəf, qürur və qəhramanlıq səhifələrindən biridir.

 20 Yanvar faciəsindən sonra Azərbaycanın o zamankı rəhbərliyi 20 Yanvarın gerçək mahiyyətini dünyaya çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünə şərait yaratdı. Verilən hər bəyanat, atılan hər addım yalnız Moskvanın maraqlarına xidmət edirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin siyasəti səbəbindən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı.

20 Yanvar hadisələrinə əsl siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də bütün qadağalara baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin təşkilatçılarını, icraçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdərək cəsarətli bir bəyanat verdi və günahkarların cəzalandırılmasını tələb etdi.

Ümummili Lider Heydər Əliyev Vətənə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarı əsasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Qərarda respublika rəhbərliyindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi tələb edilirdi. Sovet imperiyasının mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul edilməsi Heydər Əliyevin cəsarətinin və xalqına olan sevgisinin təzahürü idi. SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev Sovet İttifaqının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etdiyini bəyan etmişdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra da 1993-cü ilədək respublika rəhbərliyi xalqımızın başına gətirilən bu qanlı faciə ilə bağlı həqiqətləri dilə gətirmədi. Yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 5 yanvar 1994-cü il tarixdə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında Fərman imzalandı. “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” 29 mart1994-cü il tarixli xüsusi qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyev tərəfindən “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında Fərman imzalandı. Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də Heydər Əliyevin təşəbbüsü və Sərəncamı ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmişdir. Beləliklə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi.

20 Yanvardan xalqımzın qəlbində alovlanan azadlıq məşəli müstəqilliyimizin bərpasına gedən yolu işıqlandırdı. Həmin məşəlin işığında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz 30 ildən sonra torpaqlarımız işğaldan azad etdi. Bütün ərazimizdə dövlət suverenliyimiz bərpa olundu və şanlı bayrağımız bütün ərazilərimizdə dalğalanmağa başladı.

20 Yanvar şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Əjdər Əliyev

Ali Məclisin deputatı,

Hüquq siyasəti komitəsinin sədri

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: