20 Yanvar, Azərbaycan tarixinin qanlı və eyni zamanda qəhrəmanlıq səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin ağır texnika ilə təchiz edilmiş qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna öz mənfur planlarını yerinə yetirilmək üçün yeridildi. Xəbərsiz, silahsız dinc əhali müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirildi. Onlar arasında yaşlılar, qadınlar, günahsız uşaqlar da vardı.
Bu plana hələ 3 il əvvəl, 1987-ci ildən hazırlıq başlamışdı. Səbəb isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdi idi. Azərbaycan xalqının Qarabağla bağlı haqqlarını müdafiə etmək və müstəqillik uğrunda mübarizə aparmaq üçün başladığı kütləvi aksiyaların, milli azadlıq hərəkatının qarşısını almaq məqsədilə Sovet Hökümətinin törətdiyi bu dəhşətli cinayət sayəsində həmin gecə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 200 ev və mənzil dağıdılmış, 841 nəfər qanunsuz həbs edilmiş, dövlətimizə küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurulmuşdu.
Bütün bunlara, baş verən bu cinayətə, Azərbaycan xalqının başına gətirilən faciələrə ilk siyasi və hüquqi qiymət isə Ümummilli Liderimiz Heydər Əıliyev tərəfindən verildi. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını qırmaq məqsədilə Sovet Silahlı qüvvələri tərəfindən silahsız, haqq və ədalət naminə küçələrdə toplaşan dinc əhaliyə etdiyi hücum hərbi cinayət və qətliam kimi qiymətləndirildi.
1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 35 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini ehtiramla yad edir. Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2023-cü ildən 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
35 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. Şəhidlər xiyabanına milyonlarla insan gələrək müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizi hörmət və ehtiramla ziyarət edirlər. Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi.
Üstündən 35 il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar şəhidlərini ehtiramla yad edir, müstəqilliyimizin ilk carçılarını fəxrlə anır. 1990-cı ilin 20 yanvarında baş verənlər azərbaycanlıların milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Zəfəri tarixə həkk olundu. Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “Dəmir yumruq” ilə layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi.
Gülxarə Tarverdiyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı