20 Yanvar – xalqın yenilməz iradəsi və ya gələcəyə işıq saçan qara gün

A- A A+

Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində öz müstəqilliyi, azadlığı uğrunda, zülmə-istibdada qarşı qətiyyətlə mübarizə aparıb, dünyada az rastlanan qırğınlara tab gətirib. Bütün bu ağırlıqları çiyinlərində daşımasına baxmayaraq böyük şəxsiyyətlərinin, qəhrəman övladlarının simasında yaralarını sağaladaraq güclənən keçən möhtəşəm xalqımız heç şübhəsiz məğrurluğun zirvəsində dayanır. Təbii ki, bu asan olmayıb, xalqın azadlıq uğrunda mücadiləsi, haqsızlığa qarşı etiraz səsinin qan içərisində boğulmasına cəhdlər edilib. Xüsusən də XX əsrdə rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımıza qarşı azadlıq mübarizəsi boğuldu, genosidlər, çoxsaylı qətllər törədildi.

35 il əvvəl- yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və respublikamızın digər bölgələrində baş verən hadisələr həm də öz azaldığı uğrunda mübarizə aparan xalqımızın milli mücadilə tarixinin mühüm səhifələrindən biridir. Başqa cür desək, 20 Yanavar faciəsi milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı, şəhid oğul və qızlarımızın qanından rəng almışdı. O günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.

Yanvar hadisələri xalqın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir.

Biz 20 yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. Bu cinayət nə qədər qatı və amansız olsa da, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmağa qadir deyildi. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı olay xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına köçdü. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü, vətən sevgisini göstərdi. Məhz bu möhkəm əzm və iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi, xalqın milli faciəsinə laqeyd münasibətini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlməkdən çəkindi.

O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq ulu öndər Heydər Əliyev cəsarətlə bütün dünyaya bəyan etdi. 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin verilməsi, terrorun günahkarlarının aşkara çıxarılmasıyla bağlı işçi qrupunun yaradılması da məhz ümummilli liderin adıyla bağlıdır. Siyasi fəaliyyəti baxımından riskli olmasına baxmayaraq, Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən ulu öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Ulu öndər hadisənin ertəsi günü həyatını təhlükəyə ataraq Moskvada Daimi Nümayəndəliyə gedərək bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı. Heydər Əliyev Azərbaycan Nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi:

“Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.

Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.”

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı, 1994-cü ildə 20 Yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi.

Bu il xalqımız 20 Yanvar hadisələrinin 35-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar şəhidlərinini xatirəsini əbədiləşdirmək məqsədilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Milli maraqlara, xalqın iradəsinə əsaslanan bu siyasət ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 20 Yanvar yaralılarının, şəhid ailələrinin qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. 20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmaqla yanaşı, həm də Azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyimiz mətinliklə qorunur. Güclü lider, rəşadətli ordu və mübariz xalqın vəhdətin sayəsində ədalət bərqərar olub. Müstəqil Azərbaycan tam suveren bir dövlət kimi zaman keçdikcə daha da güclənir, hədəflərini böyüdür. Gələcəklə bağlı real gözləntilər xalqımıza haqqı olanı vəd edir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Muxtar respublikamızda da şəhidlərimizin xatirəsi həmişə uca tutulur, hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı naxçıvanlıların and yerinə, müqəddəs məkanına çevrilib, rayon mərkəzlərində şəhidlərin xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Xatirə Muzeyində faciə qurbanlarının məlumat toplusu və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərin milli vətənpərvərlik hisslərinin formalaşması, xalqın milli azadlıq mübarizəsinin öyrənilməsi baxımından önəmli rol oynayır.

Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız, şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur, müharibə iştirakçıları və şəhid ailələri ilə vaxtaşırı görüşlər keçirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə diqqət göstərilir, bu sahədə layihələr icra olunur.

1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə son 200 ildə ilk dəfə itirilən torpaqlarını geri qaytarıb, sərhədlərini bərpa edib, bayrağını zirvələrə ucaldıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altın¬da olan 300-ə yaxın məntəqəni azad etdi. İşğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonları, o cümlədən Qazaxın 4 kəndi Prezident İlham Əliyevin siyasi həmlələri ilə bir güllə belə atmadan azadlığına qovuşdu. Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticə-sində isə Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu¬na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. İndi bütün torpaqlarımızda Azərbaycan bayrağı ucalır. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi.

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xalqımız şəhidlərimizin ehtiramını uca tutur və heç şübhəsiz onların vətənpərvərlik mirası bu gün olduğu kimi, sabah da gənc nəsillər üçün böyük ali dəyərlə ölçüləcək, bu, onlar üçün əsas qayə olacaq. Xalq olaraq bizə qarşı törədilmiş qeyri-insani əməllərin, haqsızlıqların cavabını verməyə davam edirik, ədaləti bərpa edirik. Qanı qanla yusaq da, xalqımızın böyük humanizmi, dövlətimizin sülhsevər siyasəti dünyaya göstərir ki, azərbaycanlılar regionda əmin-amanlığın tərəfdarıdır və fəaliyyətini də bu istiqamətdə qurub. İstənilən halda biz keçmişimizi unutmuruq və unutmayacağıq. Çünki bugünkü gücümüz, dünənin ağrılarından yaranan immunitet sayəsində formalaşıb. Şəhidlərimizin qanı bizə məlhəm olub, anaların ahı, naləsi ruhumuza alov saçıb, taleyimiz tariximizi yeniləyib. Əsrlərin sınağından çıxmış xalq və mənsubu olduğu ölkə üçün qorxu anlayışı yoxdur. Əksinə, böyük inam var. Bunun sayəsində biz gənclərlə birgə bütöv Azərbaycanı inşa edəcəyik!

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: