Türkiyə gələcəkdə də Azərbaycanla birlikdə olacaq və sıx əməkdaşlıq edəcək. NUHÇIXAN xəbər verir ki, bu barədə yanvarın 23-də AZƏRTAC-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Nazirliyi faciəli Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına və rəhbərliyinə başsağlığı verib.
“Qara Yanvar hadisələri zamanı şəhid olmuş azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirik. Ölkələrimizin birliyi və həmrəyliyinin dəyişməz olaraq qaldığını vurğulayırıq”, -deyə Türkiyənin Milli Müdafiə Nazirliyi qeyd edib.
Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun regional sülhün və qlobal təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəyə diqqət çəkib. “Türkiyə Silahlı Qüvvələri Kiprdən Azərbaycana, Liviyadan Bosniya və Herseqovinaya kimi geniş bir ərazidə uğurlu missiyaları yerinə yetirməkdə davam edir. Türkiyə ordusu qardaş və dost ölkələrin ədalətli mübarizəsinə güclü dəstək verir”, - deyə nazirlikdən bildirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi sabitliyə verdiyi töhfə və fikir ayrılıqlarının həlli təşəbbüsləri sayəsində Ankaranın planetin strateji əhəmiyyətli regionunda dialoqun təşviqində əsas rol oynadığını qeyd edib.
Terrorla mübarizə mövzusuna toxunan Milli Müdafiə Nazirliyi təkcə son bir həftədə Türkiyə daxilində və xaricində 69 terrorçunun məhv edildiyini, ümumilikdə isə bu ilin əvvəlindən zərərsizləşdirilən silahlıların sayının 221-ə çatdığını qeyd edib.