Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub - VİDEO

A- A A+

Yanvarın 31-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransa ilə hazırda faktiki olaraq böhran yaşandığını bildirib. Onun sözlərinə görə, bu böhrana səbəb Fransanın özü olsa da, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq davam edir. O, münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb.

Bununla yanaşı, F.Şəfiyev qeyd edib ki, Azərbaycanda Fransanın mədəniyyəti və dilinə qarşı normal münasibət mövcuddur.

Sonra konfrans panel müzakirələrlə davam edib.

"Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə tarixi əlaqəsi" mövzusunda keçirilən panel müzakirənin moderatoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva bu münaqişənin tarixi barədə danışıb.

Qeyd edib ki, Fransa keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə vaxtilə vasitəçi kimi cəlb olunmuşdu. Əfsuslar olsun ki, müharibəsiz sülh təşəbbüsləri 26 il davam etdi. Deputat bildirib ki, böyük erməni diasporlarından biri də Fransada yerləşir. Onların sayı 600 min nəfərdir. Orada erməniyönümlü bir sıra qurumlar, komitələr mövcuddur ki, bunun da əlaqələrə təsiri tarixi baxımdan dəyərləndirilməlidir.

Kot d'Azur Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa keçmiş münaqişəyə münasibətdə neytral qalmağa çalışırdı. O vurğulayıb ki, Fransa vaxtilə AŞPA-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnaməsinin lehinə səs vermişdi. Professorun sözlərinə görə, əvvəlki Fransa prezidentləri Nikola Sarkozi, Jak Şirak Azərbaycanla əlaqələrə üstünlük verirdilər. Amma hazırda Parislə Bakı arasındakı vəziyyət bir qədər dəyişib. Bu böhranın da səbəbi 2018-ci ildə Emmanuel Makronun Ermənistana səfər etməsi və Azərbaycana gəlməməsi ilə bağlıdır.

Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, vaxtilə Fransa ilə praqmatik münasibətlər mövcud olub və son 100 ildə Fransa və Azərbaycan intellektualları bir-birindən təsirləniblər. Deputat çıxışında Fransada təhsil alıb ölkəyə qayıdan Əhməd bəy Ağaoğlunun Azərbaycanda fransız sinfi açdığını xatırladıb. O vurğulayıb ki, 2003-cü ildən etibarən Azərbaycanın xarici siyasətdə daha güclü strategiya yürütməsi Fransada ölkəmizə qarşı münasibəti dəyişib. Azərbaycan gücləndikcə, bu, Fransadakı erməni diasporunda narahatlıq yaradıb və onlar öz mövqelərini bu istiqamətdə formalaşdırmağa başlayıblar. T.Gəncəliyev əlavə edib ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlər daha da gərginləşib. Bundan əvvəl Azərbaycana qarşı mövqelər qapalı şəkildə ifadə olunurdu. Lakin Fransa, xüsusilə 2020-ci ildən sonra ölkəmizə qarşı açıq şəkildə mövqe sərgiləməyə başlayıb.

“Conflicts” jurnalının direktoru Gil Mihaeli deyib ki, Fransa ilə Azərbaycan arasındakı münasibətləri obyektiv dəyərləndirmək üçün iki ölkə arasındakı emosional əlaqələri də nəzərə almaq vacibdir. Bakı Fransız Liseyinin yaradılması, Azərbaycanın opera və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr Fransaya olan rəğbətin göstəricisidir. O vurğulayıb ki, Sovet İttifaqının dağılması ilə Fransadakı erməni diasporu fəaliyyətini genişləndirərək, Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxarmağa çalışıb. Zamanla erməni diasporu siyasi alətə çevrilərək Fransa siyasiləri ilə əlaqələrini daha da gücləndirib.

Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov bildirib ki, Fransanın Azərbaycanla diplomatik münasibətləri 1992-ci ildə qurulub, müxtəlif sənədlərlə inkişaf etdirilib. Lakin Fransanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti birmənalı olmayıb, obyektivlik nümayiş etdirilməyib. Tarixə nəzər salsaq görərik ki, Ermənistanla Fransa arasında əlaqələr hər zaman yaxşı olub. O bildirib ki, guya terrorizmə qarşı mübarizə apardığını göstərən Fransa, əslində, müxtəlif dövrlərdə terrorçuları himayə edib. Həmçinin Fransa bilirdi ki, terror Ermənistanda dövlət səviyyəsində həyata keçirilir. Professor vurğulayıb ki, Azərbaycan torpaqları işğal edilən zaman bir milyondan çox məcburi köçkün düşən azərbaycanlılara Fransa heç bir dəstək göstərməyib. “1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədiləndə Fransa bu məsələyə susqunluqla yanaşdı. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin biri olan Fransa 28 illik fəaliyyəti dövründə heç bir səmərəli iş görmədi. Hətta onun bütün təklifləri Ermənistanın xeyrinə və öz mənafeyinə xidmət edirdi. Ona görə də Fransa bu münaqişədən Azərbaycanın işlərinə qarışmaq üçün istifadə edirdi. Bu gün Avropa İttifaqının “müşahidəçi missiyası” dediklərimizin sübutudur. Bu missiya Fransanın Cənubi Qafqazda nüfuz qazanmasına və məqsədlərinə çatmasına xidmət edir", - deyə M.Baxışov bildirib.

Konfransın "Fransanın 2020-ci ildən sonrakı siyasəti" mövzusuna həsr edilən növbəti panel müzakirəsinin moderatoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinə qədər Fransa öz neytrallığını qurumağa çalışsa da, bu yanaşma sonradan açıq xarakter aldı.

Panel müzakirəyə onlayn formada qoşulan Kanadanın Ottavadakı Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş elmi işçisi Robert Katler ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana izafi dəstəyinin onun fəaliyyətini şübhə altına qoyduğunu vurğulayıb. Bildirib ki, bununla Fransa özünün Cənubi Qafqazdakı rolunu gücləndirməyə çalışırdı. O qeyd edib ki, Fransanın getdikcə rolunu artırmağa çalışması, onun qeyri-obyektiv yanaşması maraqlı tərəflərdə narahatlıq yaradır. “Fransanın, həmçinin Ermənistana iqtisadi dəstəyi, hərbi əməkdaşlığı Parisin birtərəfli yanaşmasının göstəricisidir. Eyni zamanda, hava hücumundan müdafiə sistemlərinin, gecəgörmə cihazlarının, “Bastion” zirehli maşınlarının və Qərbin inkişaf etmiş silahlarının İrəvana verilməsi regionda gərginliyi artıracaq. Bu gərginlik digər sahələrə də sirayət edəcək. Fransa Ermənistanın təhlükəsizliyini gücləndirməklə öz nüfuzunu artırmağa davam edərsə, Rusiya, Türkiyə və İran Parisin regiondakı təsirini azaltmağa çalışacaq”, - deyə Robert Katler vurğulayıb.

Digər çıxış edənlər Milli Məclisinin deputatı Asim Mollazadə, müstəqil araşdırmaçı, "EurasiaPeace" beyin mərkəzinin təsisçisi

Morgan Caillet və Strasburq Vəkillər Kollegiyasının hüquqşünası və Fransadakı Mədəniyyət Araşdırmaları İnstitutunun həmtəsisçisi Jean Emmanuel Medina da Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salıb, mürəkkəb geosiyasi zamanda dövlətlər arasındakı əlaqələrin pisləşməsinin yaxşı presedent olmadığını diqqətə çatdırıblar. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda İkinci Qarabağ müharibəsindən sonra Parisin Azərbaycana qarşı qərəzli siyasətinin arxasında duran məqamlardan danışılıb. Vurğulanıb ki, ölkəmizə qarşı qərəzli yanaşma, münasibətlərin getdikcə kəskinləşməsi heç bir tərəfə fayda vermir, hətta ölkələrarası əlaqələrə də ciddi xələl gətirir.

Panel müzakirəsi mövzu ətrafında çıxışlarla və sualların cavablandırılması ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: