Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Əsəd Qayser ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan-Pakistan münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini, bütün beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini bildirən səfir dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib.
Səfir 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər üzrə daimi komitəsinin Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul olunmasının bu dostluğun və qardaşlığın təzahürü olduğunu və bunu daim minnətdarlıqla qarşılandığını vurğulayıb.
Assambleyanın sədri Azərbaycan Milli Məclisinin sədrini Pakistana səfərə dəvət edib. O, Pakistanın Azərbaycanla olan dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini və bu əlaqələrin gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Milli Assambleyada yeni Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun formalaşdığını bildirən spiker bu qrupa 100-dən çox deputatın qoşulduğunu və bunun Azərbaycana artan marağın göstəricisi sayıldığını, Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib. Azərbaycan və Pakistanın bir-birinə dəstəyinin önəmini vurğulayan Əsəd Qayser parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam edəcəyini, bununla yanaşı, digər sahələrdə də əlaqələrin genişlənməsinə dəstəyin göstəriləcəyini qeyd edib.