AZAL-ın qəzaya uğrayan təyyarəsinin kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanıb - FOTOLAR
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qalıqlarının kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
Hesabata əsasən, aşkarlanan kənar obyektlər götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.
Bildirilib ki, gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.