Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

A- A A+

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Bu barədə NUHÇIXAN-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, səfərin məqsədi Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirakdır.

Bildirilib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcək.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaq.

Diqqətə çatdırılıb ki, səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: