Paşinyanın “sülh qaranquşu” kimi görünmək cəhdi - Azərbaycan niyə müharibə istəsin ki?

A- A A+

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanan məqaləsində Azərbaycanın yeni müharibəyə hazırlaşdığı iddiası yer alıb. Artıq neçənci dəfədir ki, Paşinyan çıxışlarında qeyd edir ki, guya Azərbaycan razılaşmalardan yayınır, görüşlərdən boyun qaçırır ki, yeni müharibə başlatsın. Bu yalan iddialarla dünya liderlərinin gözünə girməyən çalışan, özünü yalandan sülh tərəfdarı kimi təqdim edən Paşinyan elə bir rəy formalaşdırmağa çalışır ki, guya bölgədə sülhü istəyən məhz Ermənistandır. 

Azərbaycan niyə müharibə istəsin axı?

İllərlə torpaqlarımız işğal altında qaldı. 30 il ərzində rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Təəssüflər olsun ki, sülh yolu ilə torpaqlarımızı ala bilmədik. Erməni təxribatlarına qarşılıq verərək düşmən üzərində Qələbə qazandıq. 

Əgər Ermənistan tərəfi bu qədər sülh istəyirsə, bəs niyə 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəalarını kobudcasına pozdu? Hələ bu azmış kimi iftira dolu ritorika ilə vaxt qazanaraq Hindistan və Fransadan silah almağa, orduda islahatlar aparmağa da davam edir. 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanan məqaləsində yer alan iddialarla bağlı şərhində bildirib ki, “44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir”. 

Hələ də maraqlıdır ki, Ermənistan tərəfi bu faktlardan sonra utanmadan necə sülhə sadiqlikdən danışa bilir? 

Halbuki reallıq tamamilə fərqlidir. Azərbaycan bütün xarici görüşlərdə sülh prinsipi və çağırışlarına sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, müharibə bitib və biz ərazi bütövlüyümüzün bərpasından sonra yeni inkişaf strategiyasına köklənmişik. 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı “müharibə həvəslisi”, İrəvanı isə “sülhsevər” göstərməyə çalışsa da, Fransanın təsiri ilə əslində sülhdən çox uzaqda olduğunu nümayiş etdirir. Qərb dairələri, əsasən də Fransa Paşinyan hakimiyyətini sülhə gəlməməyə təhrik edir və zaman-zaman da öz media orqanlarında Azərbaycana qarşı şər-böhtan xarakterli məlumatlar verirlər. Fikrimizcə, vəziyyətin sabitləşməsini istəyən yalandan, iftiradan əl çəkər və sülh üçün düşünər. 

Prezident İlham Əliyev əbəs yerə deməyib ki, “Ermənilər anlamalıdır ki, havadarları onları fəlakətə sürükləyir”.

Görünən odur ki, ermənilər düşdükləri acınacaqlı durumdan hələ də dərs çıxara bilmir və Fransa kimi havadarlarının təhriki ilə fəlakətin tamamən dibinə yuvarlanmağa çalışır, yalan-yalan böhtanlar yağdırırlar. Nə deyək, hələ də ermənilər Azərbaycan ordusunun gücünü tam anlaya bilməyibsə, vay onların halına. Düşmən ölkə bir də səhv etmək niyyətinə düşərsə, cavab daha ağır olacaq. 

Bir sözlə, Azərbaycan dünyada sülhün bərqərar olması istiqamətində aparılan fəaliyyətdə hər zaman öz prinsipiallığı ilə seçilən dövlətlərdən biri kimi öndə olub. Buna baxmayaraq, istənilən vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri hər zaman döyüş hazırlığı vəziyyətindədir. Təhlükəsizliyimizə ciddi təhdid yaranacağı təqdirdə Silahlı Qüvvələrimiz bunun cavabını layiqincə verəcək. 

Ermənistan artıq başa düşməlidir ki, prosesi uzadıb vaxt qazanmaqla heç nə əldə edə bilməyəcək. Sülh müqaviləsi imzalanmalı, Zəngəzur dəhlizi açılmalıdır.

 

Nurlana Əhmədova
Missiya.Az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: