SSRİ-nin dağıldığı ərəfədə ermənilər “böyük Ermənistan” kimi xəstə ideologiyaya əsaslanaraq Azərbaycana qarşı ərazi iddiasına başladılar. Bunun nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistanın işğalı altındadır. NUHÇIXAN xəbər verir ki, bu fikirləri Ukraynanın ictimai radiosuna müsahibəsində səfir Azər Xudiyev söyləyib.
Ermənistanın tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını xatırladan səfir vurğulayıb ki, terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib.
Ukraynalı jurnalistin Ermənistanın yeni baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə dair sualına cavabında A.Xudiyev qeyd edib ki, Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır: “Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində konstruktiv addımları yoxdur, ancaq quru bəyanatlar verir, konkret danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləyirlər. BMT Baş Assambleyası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, icra olunmur”.
Səfir daha sonra vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, proseslər bu cür davam edəcəyi təqdirdə hərbi müdaxilə istisna deyil: “Azərbaycan paralel olaraq Milli Ordusunun gücləndirilməsi üçün dövlət büdcəsinin böyük bir qismini bu sahəyə ayırır. Çünki sülh danışıqları nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün gücdən istifadə edəcək. Bu gün Ermənistan dünyanın gözü qarşısında Azərbaycanın hətta Dağlıq Qarabağa aid olmayan 7 rayonunu da işğal altında saxlayır”.