O gecə ölümün soyuq əlləri şəhərimin hər küçəsinə toxundu. Şəhər ağ örpəyə bürünsə də, niyəsə o gecə yağan qar hamını yandırdı. Əsas da xocalılıları. Nə az, nə çox, düz 31 il!
İztirabla yaşanan o 31 ilin üstündən o qədər fəsillər ötsə də, o qar heç kəsi dondurmadı. Səssiz, küysüz, göz görə-görə yandırdı.
O qarlı bəmbəyaz gecəyə anidən qaranlıq çökdü. Qanın qaranlığa çökdüyü kimi. O gecə əllər silahlı, dillər yalan dolu, gözlər mərhəmətsiz, vicdan susmuş halda gəldilər. İlk sakinlərimə qıydılar. Ölən öldü, itən itdi, lazım olanı əsir götürdülər. Təkcə məni sağ buraxdılar. Bütün acılarımı qucağıma verərək. Süngülənmiş körpə, gözsüz qoca, hamiləykən bətni kəsilmiş ana, mərd oğullar. Mən bunlara şahid oldum. Bu səslər düz 31 ildir, qulaqlarımda. Amma indi heç kim qalmayıb ki, danışam, ağlayam, fəryad edəm…
Evlərim yandı, divarlarım çökdü, sakinlərim o gecə yerin-göyün bütün fəryadını qopardı. Bu fəryadıma kimsə gəlmədi. Sanki göydə o gecə qulaqlarını o səsə qapayıb, yer gözlərini yummuşdu. Mənim üçün can verən hər kəs canından oldu, bir məndən başqa. Amma bu yaşamaq deyildi. Bu düz 31 il susmuş şəhərin pıçıltıları idi.
Mən Xocalıyam – ağlayan, fəryadsız qalan, amma heç vaxt təslim olmayan Xocalı! O gecə mənim nələr çəkdiyimi heç kəs duymadı, heç kəs hiss etmədi. Dünyada heç bir şəhərin başına mənim qədər qar yağmadı.
O gecə nələrə şahid olmadım mən. Ölən anasının üstünə yıxılan uşağın qara qorxuyla baxışlarını, qoca kişinin əlləri ilə torpağı necə qazdığını, bəlkə, kimsə xilasa gələr deyə. Ölüm belə amansız olmamışdı heç zaman. Dünya isə bu ədalətsizliyə düz 31 il susdu.
Bilmirəm hansı dərdimi danışım, hansı yaramı açıb göstərim. Məni duyan, hiss edən varmı? Mən bir şəhər idim – körpələrin gülüşü, anaların laylası, qocaların xeyir-duasıyla dolu bir şəhər. 1992-ci ildən isə torpağım qanla yoğruldu, tarixə qırğınla yazılmış bir haray oldum. Düz 31 il!
Bilirsiniz indi məni ən çox nə göynədir? Unudulmaq… Hər il fevralın 26-sı gələndə adım çəkilir, ancaq mən hər gün Xocalıyam. Hər səhərimi o qış gecəsində açıram, hər gecəmi qar üstündə can verən körpələrimin fəryadıyla bağlayıram. Düzdür, illər ərzində mənə sahib çıxanlar, haqqımı tələb etməyə çalışan şəhərlər oldu. Amma unutdular ki, Xocalı təkcə şəhər deyil, həm də vicdan məsələsidir. Mən danışdıqca dünyada susanlar varsa, deməli, hələ də o gecənin qaranlığı davam edir. Mən fəryad etdikcə qulaqlar kar, gözlər kor olursa, deməli, zülm hələ də davam edir. Məni unutmayın! Məni unutmayın ki, bir daha heç bir yerdə Xocalı yaşanmasın.
Mən Xocalıyam… Talandım, yağmalandım, dağıdıldım, qan gölündə boğuldum. 613 övladımı gözlərimin önündə qətlə yetirdilər – 106 ana, 63 körpə, 70 ahıl. 1275 övladımı əsir etdilər, 150-si hələ də qaranlıq taleyin içində itib-batıb, 8 ailəm yer üzündən silindi, 25 uşağım həm anasız, həm də atasız qaldı, 130 körpə yetimliklə sınandı. 487 canım, 76 balam ömürlük əlil oldu. Artıq hiss edirəm fəryadım unudulmasın deyə xatirəm əbədiləşdirilir.
Düz 31 il dünyadan yanlız ədalət istədim, qisas yox.
Mən yenə buradayam. Mən – Xocalı. Bir zamanlar qan içində boğulan, fəryadsız qalan, külə dönən Xocalı. Amma indi fərqliyəm… 3 ildir, yenidən nəfəs alıram. Vaxtilə atası tərəfindən qaçırılaraq yaşadılan, indi isə atası yaşda torpağına qayıdan sakinlərimin şən gülüşlərini eşidirəm. Mən yenidən laylalar deyirəm körpələrimə. Yenidən onları yola salıram bağçaya, məktəbə, evə.
Bir zamanlar bu gün çox üşüyərdim. O qarda donan körpələri, anaların göz yaşlarını gizlətməyə çalışan torpağımı xatırlayardım. Amma bu gün qar yenə yağır… Və bu dəfə o, faciənin yox, qayıdışın, qələbənin, azadlığın başına yağır.
İllərlə məni susdurmağa çalışdılar. Dilimi kəsdilər, gözümü kor etdilər. Diri-diri basdırdılar. Lakin bilmədilər vətən torpağından pay olmaz. Hər daşımın altında bir yarımçıq hekayə, hər küçəmdə bir itkin ad yazıldı. Amma bu xalq məni unutmadı. Mənim fəryadım susmadı. Bir gün geri qayıdacaqlarını dedilər, mənə söz verdilər. Və o sözü yerinə yetirdilər!
Azərbaycanın gücü ilə mən yenidən doğuldum. İndi azadlığın nəfəsi küçələrimi yenə isidir, bayrağım yenə səma ilə görüşür. Şəhidlərimin, şahidlərimin ruhu rahatdır artıq!
Mən daha kədərli yox, azad Xocalıyam! Daha fəryad etməyəcəm, çünki bayrağım dalğalanır, gülüşlərim solmur. Mən ədalətini özü tapan Xocalıyam! Mən yenidən yaşayan, yenidən nəfəs alan Xocalıyam!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru