Xocalı – faciənin fövqündə, ədalət izində!

A- A A+

İnsanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş, azərbaycanlıları yasa, dəhşətə bürüyən Xocalı soyqırımından 33 il keçir. İndi Xocalı azaddır! Şanlı Azərbaycan bayrağına bürünüb, dirçəlir, sakinlərinə cəlladlıq edənlər isə bir-bir məhv olur, məhkəməyə çəkilir. Amma fəryadına laqeyd qalan dünya hələ də öz biganəliyindədir – susur! Buna görə də Xocalı ilə birgə ədalətin izindəyik...  

Tarix boyunca Azərbaycan xalqı dəfələrlə ermənilərin xəyanətlərinə, vandalizm əməllərinə tuş gəlib. İmperialist güc mərkəzləri zamanında misli görünməmiş haqsızlıq edərək əzəli torpaqlarımızda - Qərbi Azərbaycanda dövlət yaratmağa nail olublar. Türkiyədən, İrandan və digər ölkələrdən məqsədli şəkildə bura köçürülən ermənilər sonradan bitib-tükənməyən iddialar ortaya qoyub və bir sıra ərazilərimizin də Ermənistana birləşdirilməsinə nail olublar. İstəklərinə ən qəddar formalarda çatıblar. Təkcə XX əsrdə ermənilər soydaşlarımıza qarşı 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993- cü illərdə olmaqla, düz dörd dəfə soyqırımları törədiblər.

Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi – davamı idi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup muzdur dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini qəddarlıqla qətlə yetirdilər. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı bəşər tarixində XX əsrin ən dəhşətli faciələrindən biridir. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Ermənistanın müharibə cinayətlərindən əziyyət çəkən Xocalı...

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamış, öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşdurlar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələnmiş, viran edilmişdir. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər odlu silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çox saylı qətllərlə kifayətlənməmiş, sağ qalmış insanlar üzərində də tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini bir daha təsdiqləyir.

Xocalı həm də Azərbaycanın tarix-mədəniyyət nümunələrinə qarşı terrorun və torpaq iddiasının daha bir qurbanıdır

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi məhz Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalıya ədalət!

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirərək demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və bir çox təşkilatlar tərəfindən onun fəaliyyəti dəstəklənir. Sosial şəbəkələrsərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

 

Xocalıda Azərbaycan Bayrağı əzəmətlə dalğalanır

Bütün bu ağrı-acılara rəğmən, xalqımız əyilmədi, mübarizəsindən bir an belə dönmədi. Öz lideri, qəhrəman övladları ilə haqq savaşında böyük zəfərlər qazanan xalqımız nəhayət qisasına nail oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyində Ordumuz düşmənin dizini çökdürdü, iti qovan kimi qovdu. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməyə nail olsa da, ərazilərimizdə separatizmin kökü kəsilməmişdi. Ata vəsiyyətinə əməl edən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə ərazilərimizdə separatizmə son qoyulmasını, suverenliyimizin təmin olunmasını da yaxınlaşdırdı. 2023 ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatlarını peşəkarlıqla reallaşdırılan Ordumuz missiyanı cəmi 23 saata tamamladı. Beləliklə, Xankəndi, Xocalı və digər tarixi torpaqlarımızın azadlığa qovuşması nəticəsində suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamamında - 2023-cü il 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla bütün dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi yaşatdı. Prezident İlham Əliyevin Özünün də bildirdiyi kimi çox ünvanlarda bayrağımızı ucaldıb. Ancaq Xocalıda bayrağımızın ucaldılması həm dövlət başçısı, həm də bütün Azərbaycan xalqı üçün xüsusilə həyəcanlı idi. Xocalı artıq bizim milli heysiyyatımıza çevrilib. “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”, - deyə Prezident İlham Əliyev 2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında vurğulayıb. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Xocalıda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bir sözlə, Xocalıya yeni nəfəs verdik, yaralarını sağaldırıq və dirçəlişinə şahidlik etməkdəyik!

Düşmən əsgərimizin əlində əsir, məhkəməmiz qarşısında müqəssir kimi diz çökdü

44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silahlı qüvvələrini darmadağın edən Azərbaycan Ordusunun böyük zəfəri ümumilikdə dövlətimiz və xalqımız üçün ali bir missiyanın möhtəşəm nəticəsi idi. Qisas alındı. Bu, mənəvi qazancımız idi. Digər tərəfdən isə hüquq və ədalət bərqərar olundu. Prezident İlham Əliyevin siyasi bacarığı və iradəsi, qəhrəman əsgərimizin rəşadəti sayəsində konstitusiyamızın hüquqi qüvvəsinə məhdudiyyət qoyan işğal faktoru tamamilə aradan götürüldü, Azərbaycan suveren bir dövlət olaraq tamhüquqlu mexanizmə keçid aldı. Nəticədə beynəlxalq hüquq müstəvisində baxılmayan bir çox məsələ, konkret olaraq desək, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törədən Ermənistan Respublikasının vətəndaşları tutularaq, istintaqa cəlb olundular. Arayik Arutyunyan, Ruben Vardanyan və digər müharibə cinayətkarlarının sırasında, qeyri-insani əməllərinə rəğmən illərdir mühakimədən yayınan Vaqif Xaçatryan adlı bir qaniçən də var. Azərbaycan dövləti 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməklə 20-dən çox soydaşımızı amansızlıqla qətlə yetirən bu qatı cinayətkarı da etdiyi vəhşiliklərin bədəlini ödətdirir. Əminliklə demək olar ki, dövlətimiz prosesi şəffaf hüquq normaları əsasında aparır. Bizim düşməndən əsas fərqimiz də budur. Humanizm, haqq və ədalət Azərbaycan üçün əsas prinsiplərdir. İstənilən halda, bu qatillər öz layiqli cəsasını alacaqlar.

Xocalı ilə dərinləşən Vətən sevdası nəsildən-nəsilə ötürülür

Xocalı  faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Xalqımızın mübarizə əzmini möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. Əminliklə demək olar ki, həmin dövrdə qaçqın düşən uşaqlar, yaxınları faciə qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər. Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasıda da bu məqsədlə ardıcıl işlər görülür, tədbirlər, layihələr həyata keçirilir. Xocalı Soyqırımının ildönümləri ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilir, filmlər, sərgilər nümayiş etdirilir, faciə qurbanları anılır. Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Şəhidlərin və Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında daha yaxından tanıdılması məqsədilə mütəmadi olaraq gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri keçirilir, şəhid ailələr, şəhid məzarları ziyarət olunur. Hərbi-idman oyunları, hərb peşəsinə maraq yaradan müxtəlif konseptli tədbirlər keçirilir, tariximin müxtəlif mərhələləri, milli dəyərlərimiz, dövlətçiliyimizlə bağlı aktual məsələr dəyirmi masalarda müzakirə olunur.   

Qürurla deyirik ki, artıq Vətənimiz Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyinin tam bərpa etmiş ölkə kimi ildən-ilə daha da qüdrətlənir, iqtisadi gücünü artırır, siyasi arenadakı mövqeyini gücləndirir, gələcəyə sülh və əminamanlıq şəraitində irəliləyir. Bu gün hər bir Azərbaycan gənci də ölkəmizin gücünü, qüdrətini dərindən dərk etməli, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, dövlətimizin başçısı cənab İlham Əliyevin liderliyində yetişən və şaxələnən Azərbaycan gəncliyi  bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlanacaqdır.

 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən,

nazir müavini

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: