Xocalıdan-Xocalıya: tarixi ədalətin bərpası

A- A A+

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilmiş, minlərlə insan ağır yaralanmış, müxtəlif bədən xəsarəti almış, soydaşlarımız didərgin düşmüşdür.

Xocalı şəhəri Azərbaycanın Qarabağ bölgəsində strateji əhəmiyyətli bir məkanda yerləşirdi. 1991-ci ilin sonlarından etibarən Xocalı blokadaya alınmış və şəhər əhalisi ağır şəraitdə yaşamağa məcbur olmuşdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək, şəhəri yer üzündən silmişdir. SSRİ rəhbərliyinin göz yumduğu bu bəşəri cinayət nəticəsində Xocalıda törədilən qətliam nəticəsində aşağıdakı rəqəmlər xalqımızın yaddaşında ağrının, əzabın, nisgilin ifadəsinə, zamanla beynəlxalq hüququn qərəzli yanaşmasının göstəricisinə, ən əsası isə intiqam, tarixi ədalətin bərpasına olan ümidin, andın simvoluna çevrilmişdir. Faciə nəticəsində 613 nəfər həlak olmuşdur (onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca), 1275 nəfər əsir götürülmüşdür, 150 nəfərin taleyi bu günə qədər naməlumdur, 487 nəfər ağır yaralanmışdır, 8 ailə tamamilə məhv edilmişdir, 56 nəfər xüsusi amansızlıqla öldürülmüşdür.

Xocalı soyqırımı beynəlxalq hüquq normalarına əsasən, insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Milli Məclisi Xocalı hadisələrini soyqırımı kimi tanımışdır. Bundan əlavə, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər. Bu günə qədər Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələr və təşkilatlar tərəfindən tanınma prosesləri həyata keçirilmişdir. Xüsusilə, Türkiyə, Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya və digər dövlətlər bu faciəni soyqırımı kimi qəbul etmişdir. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı faciəsini soyqırımı kimi tanımışdır.

Azərbaycan dövləti Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət aparmaqdadır. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq arenada tanınması üçün ardıcıl siyasət həyata keçirmişdir. 1993-cü ildə xalqın və o dövrki Azərbaycan rəhbərliyinin təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müdrik siyasətçi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsini təmin etmişdir. 1994-cü ildə Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi tanımış və fevralın 26-sını "Xocalı Soyqırımı Günü" elan etmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Həmçinin 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu.

Heydər Əliyev, həmçinin, dünya dövlətlərini Xocalı həqiqətləri ilə tanış etmək məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmişdir. Onun rəhbərliyi ilə Xocalı şahidlərinin ifadələri toplanmış və beynəlxalq tədbirlərdə təqdim edilmişdir. Heydər Əliyev Fondunun "Xocalıya Ədalət" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilmiş, beynəlxalq media resursları vasitəsilə geniş məlumatlandırma işi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuzun rəşadəti nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə ölkəmizin suverenliyinin bərpası istiqamətində atılmış ən böyük addım kimi dünya ictimaiyyətinin də diqqət mərkəzində olmuşdur. Eyni zamanda tarixi qələbəmizdən sonra Xocalının azad edilməsi istiqamətində tarixi bir mərhələ başlanmışdır. Uzun müddət düşmən tapdağı altında qalan torpaqlarımızda artıq genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bərpa işləri davam etdikcə, soydaşlarımız doğma torpaqlarına qayıtdıqca təkcə Xocalıda yox, bütün işğal olunmuş torpaqlarımızın qorunması uğrunda şəhid olmuş, müxtəlif dərəcəli bədən xəsarəti almış soydaşlarımız Azərbaycan dövlətinin qüdrətinin təntənəsini duyur, yaşayır.

Azərbaycan xalqının Ümummilli lideri, müdrik siyasətçi Heydər Əliyev ideyalarının layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gücünü, qüdrətini, Azərbaycan ordusunun rəşadətini bütün dünya qəbul etdi, artıq ölkəmiz regionda və dünyada mühüm güc mərkəzlərindən birinə çevrilməkdədir. Xocalı faciəsi, faciə qurbanlarının xatirəsinin yaşadılması, faciəni törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılması dövlətimizin daim diqqət mərkəzindədir. İllərlə “Xocalıya ədalət!” devizi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılan bəşəri faciənin unudulmaması, unutdurulması üçün hər bir Azərbaycan vətəndaşı məsul olmalıdır, Xocalıdan Xocalıya gedən yolda tarixi ədalətin bərpası prosesi tam mənası ilə tamamlanmalıdır.

Əli Həşimov

Ali Məclisin deputatı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: