İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
NUHÇIXAN xəbər verir ki, sənəddə İƏT-in Baş katibi Hissein Brahim Taha həyatını itirənlərin xatirəsini ehtiramla anıb.
Taha Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində həyata keçirilən qanunsuz işğalın nəticəsi olduğuna diqqət çəkib.
Təşkilat rəhbəri 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerunun Yaunde şəhərində təşkil olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək Xocalıda yerli sakinlərə qarşı törədilmiş kütləvi zorakılıqları müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı olaraq qiymətləndirib.