Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub

A- A A+

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

NUHÇIXAN xəbər verir ki, 10 maddədən ibarət olan qanun layihəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Sarayının binasına, dövlət iqamətgahlarının binalarına, Prezidentin iş otağına, Milli Məclisin binasına və iclas salonuna, Milli Məclis sədrinin iş otağına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iş otağına, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının binalarına, bütün məhkəmələrin binalarına və məhkəmə iclaslarının salonlarına, Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəmənin sədrinin iş otağına, Azərbaycanın diplomatik və ticarət nümayəndəliklərinin, konsulluqlarının binalarına Azərbaycan Respublikasının Dövlət gerbinin qabarıq rəngli təsviri vurulur.

Dövlət gerbinin qabarıq rəngli təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət gerbinin rəngli təsvirindən hüquqi aktların blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və dövlət istiqraz vərəqələrində, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, bütün dövlət orqanlarının sənəd blanklarında, möhürlərində və binalarının lövhələrində, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur. Dövlət gerbinin təsvirindən istifadənin digər halları və Dövlət gerbinin digər yerlərdə yerləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər. Dövlət gerbinin təsviri olan möhürlərin, sənəd blanklarının və hüquqi aktların blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət gerbinin təsvirinin Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və dövlət istiqraz vərəqələrində, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirindən bu qanunun tələblərinə uyğun istifadə edə bilər.

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı, Dövlət gerbinin öyrənilməsinə həsr edilir.

Dövlət gerbinin oturulan və ayaq basılan yerlərdə təsvir edilməsi qadağandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: