Ceyhun Bayramov: İtkin düşmüş şəxslər məsələsinin həlli ilə üçün beynəlxalq səylər səfərbər edilməlidir

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüş azərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət, habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirə olunub.

Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğunu, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4 minə qədər azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıb.

2023-cü ildən etibarən Azərbaycanın bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə aktiv rolu qeyd edilib.

İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacib olduğu vurğulanıb.

Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb.

Bununla yanaşı, Azərbaycanın indiyə qədər işğaldan azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Həmçinin itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneçilik törətdiyi bildirilib.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: