Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı xarici siyasət uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də ölkəmizə rəsmi səfəri bu reallığı bir daha təsdiqlədi. Mətbuata bəyanatında “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır” çağırışını edən dövlət başçısı İlham Əliyev tərəflərin əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduğunu diqqətə çatdırdı.
Əməkdaşlıqda iqtisadi amil xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlı töhfələr diqqətdən kənarda qalmır. Ölkəmizin regional çərçivədə qurduğu əlaqələrin coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır. Sözügedən səfər zamanı Azərbaycanın iştirakçısı və təşşbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsi, yeni layihələrə yol açması xüsusi vurğulandı. Diqqəti təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Azərbaycan qazı keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırıldı. Gələcəkdə lazım olan həcmdə qaz təchizatı artırıla bilər. Çünki bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparılır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin hazırkı inkişaf səviyyəsindən, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli rolundan geniş bəhs etdi. Bu səfər Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana ikinci səfəridir. Ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını xüsusi qeyd edən Prezident İlham Əliyev Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbirindən ötən qısa müddətdə Qordana Silyanovska-Davkovanın ikinci dəfə ölkəmizdə olmasını bunun bariz nümunəsi kimi vurğuladı. İqlim konfransında Qordana Silyanovska-Davkovanın fəal iştirakı, konfransın uğurla keçirilməsinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Bu məqam da diqqətə çatdırıldı ki, xanım Prezidentin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəsi var. Beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışıb, eyni zamanda, ölkəsində ən yüksək vəzifəyə layiq görülüb. Onun dəyərli fikirləri hamı üçün çox maraqlı ola bilər. Qeyd edək ki, Qordana Silyanovska-Davkova martın 13-15 tarixlərində müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək XII Qlobal Bakı Forumunun iştirakçısı olacaq. Prezident İlham Əliyev bildirdi ki, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumu dünya miqyasında layiqli yerini tuta bilib.
Forumun mövzusu hazırkı dövrün mühüm çaırışının təqdimatıdır. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamının formalaşdığını, bu prosesin başlanğıcında olduğumuzu önə çəkərək bu çağırışı etdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyinin möhkəmlənməsi təqdir edilir. Təbii ki, buna əsas verən dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Qordana Silyanovska-Davkova bildirdi ki, Azərbaycanın beynəlxalq münasibətlərdə fəal rolu bir həqiqətdir. Ötən il COP29 iqlim konfransına Azərbaycanın ev sahibliyi, tədbirin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir. Onun ardınca ölkəmizin XII Qlobal Bakı Forumuna ev sahibliyi təqdir edilərək Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olmasını atdığı addımlarla təsdiqlədiyi önə çəkildi. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir. Qlobal problemlərin həllində birgə səylərin göstərilməsinə çağırışlar edir və bu birliyə, həmrəyliyə töhfələr verir. Qordana Silyanovska-Davkova onu da qeyd etdi ki, bu səfər dərin dostluğun təməli olacaq.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri, iki ölkənin münasibətlərinin gələcək inkişafı geniş müzakirə olunub. Hazırda tərəflər əlaqələrin təkcə energetika deyil, digər sahələrdə də uğurlu inkişafında maraqlıdır.