Azərbaycan–Şimali Makedoniya əlaqələri genişlənir

A- A A+

Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlərin 30 illik tarixi vardır. Bu iki ölkə arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniya Bakıda keçirilən COP29 sammitində ən fəal iştirak edən ölkələrdən biri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.

Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. Ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşma da iqtisadi münasibətlərin möhkəmlənməsinə xidmət edir. 2021-ci ildən bəri iki ölkə arasında ticarət həcmi əhəmiyyətli dərəcədə yüksəlib və bu, qarşılıqlı marağın göstəricisidir.

Bu gün Azərbaycan Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrə malikdir. Məhz ölkəmizin mövqelərinin güclənməsi fonunda Azərbaycanın dünya siyasət səhnəsində çəkisi və sözü xüsusi olaraq yüksək qiymətləndirilir. Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri də bu gün ən yüksək şəkildə davam edir. Şimali Makedoniya prezidenti Qordona Davkovanın Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar da çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşəcək.

Görüş çərçivəsində dövlət başçıları iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etmiş, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunmuşlar. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, Azərbaycan və Şimali Makedoniya ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fəal iş aparır.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib ki, Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan Makedoniyanın bazarını təbii qazla təmin edəcəkdir: “Enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.

Azərbaycan Balkan ölkələri arasında əlaqələrin uğurla inkişafına və bu baxımdan Makedoniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu əlaqələr qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında möhkəm siyasi təməlin mövcudluğu ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə qurulmasında mühüm rol oynayır. Bu baxımdan iqtisadi əlaqələrin genişlənməsi üçün böyük potensial vardır.

Bu münasibətlərin əsas istiqamətləri siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlıdır. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə əməkdaşlığın genişlənməsi üçün siyasi iradə nümayiş etdirir.

Gülxarə Tarverdiyeva

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: